Azərbaycan və Türkiyə bu gün dünya miqyasında nadir əməkdaşlıq və müttəfiqlik nümunəsi göstərir.
İki dövlətin dostluq və qardaşlıq prinsiplərinə əsaslanan çoxşaxəli münasibətləri uğurla inkişaf edir. Tərəflər arasında dünya miqyasında oxşarı olmayan nadir əlaqələrin mahiyyəti Azərbaycan və Türkiyə xalqlarının böyük öndərlərinin tarixi kəlamlarında öz əksini tapıb. Ümummilli Lider Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir”, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün isə “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri isə bizim kədərimizdir” fikirləri, heç şübhəsiz, iki ölkənin dostluğunun və qardaşlığının fəlsəfi əsasını təşkil edir. Prezident İlham Əliyevin “Biz həm dostuq, həm qardaşıq, həm də artıq rəsmən müttəfiqik. Bu siyasət bizə atalarımızdan qalan mirasdır, atalarımızın vəsiyyətidir və biz bu vəsiyyətə sadiqik”, Prezident Rəcəb Tayyib Ərdoğanın “Türkiyə və Azərbaycan kürək-kürəyə verdikcə Allahın izni ilə çətinliklərin öhdəsindən gəlməyə, uğurdan-uğura çatmağa davam edəcəkdir” fikirləri isə Türkiyə-Azərbaycan münasibətlərinin sarsılmazlığını ifadə edir.
Bu gün həm Azərbaycan, həm də Türkiyə bir-birinin yanında olmaqla – qətiyyətli dəstək ifadə etməklə, ən yüksək səviyyədə olan münasibətləri davamlı inkişaf etdirməklə tarix yazırlar. 44 günlük Vətən müharibəsində Azərbaycanın möhtəşəm tarixi qələbə qazanaraq öz ərazi bütövlüyünü bərpa etməsində qardaş Türkiyənin güclü mənəvi və siyasi dəstəyinin rolu danılmazdır. Türkiyə postmüharibə dövründə də Azərbaycanın haqlı və ədalətli mövqeyini beynəlxalq səviyyədə inamla müdafiə edir, regionda və işğaldan azad olunmuş ərazilərdə görülən işlərdə ölkəmizə dəstək nümayiş etdirir. Azərbaycan da öz növbəsində milli maraqlara dair prinsipial məsələlərdə Türkiyəyə inamlı və qətiyyətli dəstək verir. Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə iki güclü, nüfuzlu dövlətin birgə təşəbbüsləri regionda təhlükəsizlik mühitinin güclənməsinə, əməkdaşlıq imkanlarının genişlənməsinə əvəzsiz töhfədir.
“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ən yüksək zirvədə olan Azərbaycan-Türkiyə münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir. 1921-ci ildə imzalanmış Qars müqaviləsindən tam yüz il sonra iki dost və qardaş ölkə arasında müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsinin imzalanması, heç şübhəsiz, müstəsna siyasi və tarixi əhəmiyyət daşıyır. Elə təsadüfi deyil ki, Birgə Bəyannamədə tarixi Qars müqaviləsinə istinad edilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Tarixi Qars müqaviləsi düz 100 il bundan əvvəl imzalanmışdır. Bu da böyük rəmzi məna daşıyır. Azad edilmiş Şuşa şəhərində 100 ildən sonra müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir”.
Xüsusi qeyd etmək yerinə düşər ki, Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin bütün sahələrdə səmərəli əməkdaşlığının inkişafını özündə ehtiva edir. Beynəlxalq müstəvidə birgə fəaliyyət, siyasi, iqtisadi-ticarət, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, diaspor, eləcə də enerji və nəqliyyat sahəsində sıx əməkdaşlıq bəhs olunan Bəyannamədə öz əksini tapıb. Ən mühüm məqam isə tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, Tərəflərin birgə məsləhətləşmələr aparması və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirməsi, bir-birinə BMT Nizamnaməsinə uyğun lazımi yardım göstərməsi, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili il əlaqədar məsələnin müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsində yer almasıdır. Bu, Azərbaycan və Türkiyənin yeni mərhələdə də hərbi-siyasi təhlükəsizlik sahəsində birlikdə fəaliyyət göstərəcəyini, ortaq milli maraqlar əsasında hərəkət edəcəyini göstərir. Təbii ki, postmunaqişə mərhələsində və hazırkı geosiyasi reallıqlar fonunda belə birgə fəaliyyətin təşkili həm hər iki ölkənin milli maraqları, həm də regional təhlükəsizlik üçün olduqca vacib və əhəmiyyətlidir.
Əminliklə söyləmək olar ki, Azərbaycan və Türkiyə daim bir-birinin yanında olacaq, birliyimiz-həmrəyliyimiz heç vaxt sarsılmayacaq!
Əfsanə Allahverdiyeva / Nəsimi rayon təhsil işçisi, Azərbaycan dili və Ədəbiyyat müəlliməsi