image-heyderbackend

Azərbaycan xalqının və dövlətinin Naxçıvandan başlanan böyük xilaskarlıq missiyası.

image-reklam_sirab_01

Ötən əsrin 80-ci illərinin sonundan etibarən Azərbaycan xalqı üzləşdiyi bütün problemlərin yalnız Heydər Əliyevin rəhbərliyi ilə həllini tapa biləcəyinə inanır, təkidlə respublika rəhbərliyinə qayıtmasını tələb edirdi. Çünki o illərdə cərəyan edən proseslər, Azərbaycana qarşı Ermənistanın ərazi iddiaları və ittifaq rəhbərliyinin baş verənlərə münasibətdə aşkar şəkildə bu ölkənin mövqeyini dəstəkləməsi göstərirdi ki, Azərbaycana qətiyyətli rəhbər lazımdır. Bu rəhbər isə yalnız Heydər Əliyev ola bilərdi.
Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin xilas missiyasına Naxçıvandan başladı. Ulu öndərin Naxçıvanın çətin vaxtlarında buraya qayıtması bu qədim Azərbaycan torpağını təhlükədən sovuşdurdu. Ən əsası bu qayıdışla Azərbaycanda müstəqillik uğrunda mübarizə özünün yeni mərhələsinə qədəm qoydu, imperiya qüvvələri ilə mübarizə daha da genişləndi. Xalqımızın dahi oğlunun alovlandırdığı istiqlal mücadiləsi milli dirçəliş prosesinin bütün Azərbaycanda aparıcı qüvvəyə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı.
Ulu öndər Heydər Əliyevin Naxçıvana qayıdışı Azərbaycan SSR Ali Sovetinə və Naxçıvan MSSR Ali Sovetinə seçki kampaniyası ilə bir vaxta düşmüşdü. Babək rayonunun əməkçiləri ilə görüşdə Heydər Əliyevin 340 nömrəli Nehrəm seçki dairəsi üzrə Azərbaycan SSR xalq deputatlığına namizədliyi irəli sürüldü. Keçirilən seçkilər zamanı Heydər Əliyev həm respublika parlamentinə, həm də Naxçıvan Ali Məclisinə deputat seçildi. Həmin il noyabrın 17-də Naxçıvan Ali Məclisinin birinci sessiyası keçirildi. Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adını dəyişərək Naxçıvan Muxtar Respublikası adlandırılması qərarlaşdırıldı. SSRİ hökumətinin hələ fəaliyyətdə olduğu dövrdə Naxçıvan MSSR-in adından “Sovet Sosialist” sözlərinin çıxarılması Heydər Əliyevin sarsılmaz siyasi iradəsinin və böyük uzaqgörənliyinin nəticəsində mümkün olmuşdu. Eyni zamanda, həmin sessiyada Heydər Əliyevin təklifi ilə Naxçıvan MSSR Ali Sovetinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi adlandırılması da sadəcə redaktə xarakterli düzəliş deyildi. Bu, dünyada Sovet İttifaqı kimi tanınan, siyasi sistemini sovetlər üstündə quran möhtəşəm bir ölkənin siyasi strukturunda dəyişiklik edilməsi demək idi. Naxçıvan MSSR-in adından “Sovet Sosialist” sözlərinin çıxarılması, Naxçıvan MR Ali Soveti formatında “Soveti” ifadəsinin “Məclisi” sözü ilə əvəz edilməsi əslində tam mənası və məntiqi ilə de-fakto SSRİ-nin tərkibindən çıxmaq, bu dövlətin çərçivəsində müstəqil dövlət qurumu yaratmaq demək idi. Bundan başqa, Naxçıvan MR Ali Sovetinin 17 noyabr 1990-cı il sessiyasında Azərbaycanın dövlət rəmzi kimi Xalq Cümhuriyyəti dövründə qəbul edilmiş üçrəngli bayrağın Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edilməsi barədə yekdilliklə qərar qəbul edilmiş və sessiyanın iclasına sədrlik edən Heydər Əliyevin təşəbbüsü ilə həmin milli mahiyyət daşıyan Dövlət Bayrağı Ali Məclisə gətirilmişdi. Bütün bunlar yalnız və yalnız Naxçıvan MR Ali Məclisinin sessiyasına sədrlik edən Heydər Əliyevin həm böyük siyasi iradəsinin, yüksək azərbaycançılıq idealının, həm də qeyri-adi cəsarətinin sayəsində həyata keçirimişdi.
1991-ci il sentyabrın əvvəllərində Naxçıvan MR-nın ictimai-siyasi həyatında onun müqəddəratını həll edəcək mühüm hadisələr baş verdi. Sentyabrın 3-də keçirilən və tariximizdə özünəməxsus yer tutan Naxçıvan MR Ali Məclisinin fövqəladə sessiyasında Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin Sədri seçildi. Bu, Azərbaycan xalqının taleyində böyük siyasi əhəmiyyətə malik olan tarixi hadisə idi.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlər sayəsində sovet ordusu hissələri MR ərazisindən çıxarıldı. Ulu öndərin ən böyük xidmətlərindən biri Naxçıvanı işğal təhlükəsindən xilas etməsi idi. Ali Məclisin Sədri Heydər Əliyevin Türkiyə və İrana səfərləri, apardığı danışıqlar regionda blokada şəraitinin yaratdığı böhranın aradan qaldırılması, iqtisadi problemlərin və enerji məsələlərinin həllində əhəmiyyətli rol oynadı. Heydər Əliyev Naxçıvan MR-nın rəhbəri olduğu dövrdə muxtar respublikada elmin, təhsilin, mədəniyyətin, siyasi maarifçiliyin ictimai faktora çevrilməsi, inkişaf etdirilməsi məsələlərinə əhəmiyyət verilmiş, bu sahələrdə ciddi, yaddaqalan tədbirlər həyata keçirilmişdi.

Heydər Əliyevin 1991-ci ilin sentyabrında Naxçıvan MR Ali Məclisinin Sədri vəzifəsinə seçilməsi Azərbaycanda dövlət müstəqilliyi uğrunda gedən prosesə ciddi təsir göstərdi, xalqı istiqlal mücadiləsinə doğru istiqamətə yönəltdi. Bu, xalqın böyük arzusu və tələbi ilə dünya miqyaslı siyasətçi Heydər Əliyevin böyük siyasətə yenidən qayıdışının həlledici mərhələsi idi.

Məhi Mehtiyev

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin Nizami rayon filialının sədri

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki