Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) idxal olunan bioloji fəallığa malik qida əlavəsinin istehlaka yararsız olduğunu aşkarlayıb.
Bu barədə “Report” a AQTA-dan bildirilib.
Məlumata görə, nəzarət tədbirləri çərçivəsində “Sky and Star Technologies” MMC-nin Hindistandan ölkəmizə idxal etdiyi “Enternitive Herbals PVT” LTD-yə məxsus bioloji fəallığa malik qida əlavəsinə (URICLEAN, Tablet №30) agentliyin müfəttişləri tərəfindən keçirilən baxış zamanı uyğunsuzluqlar aşkar edilib.
Məhsullardan götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinələrə cəlb olunub və idxal olunan məhsul partiyasında ağır metalın (Civə (Hg)) kütlə payının qüvvədə olan texniki normativ aktların tələblərinə cavab vermədiyi, istehlaka yararsız olduğu müəyyən olunub.
Bununla bağlı Agentlik qanunvericiliyə uyğun müvafiq tədbirlər görüb.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.