Sürətli ödənişlər sisteminin gələcək inkişafının pul siyasəti və maliyyə vasitəçiliyi üçün əhəmiyyətini nəzərə alaraq Azərbaycan Mərkəzi Bankının Rəqəmsal Valyutasının (MBRV) ortamüddətli dövrdə tətbiqi imkanlarının qiymətləndirilməsi bir neçə istiqamətdə davam etdiriləcəkdir.
Vətəninfo.az xəbər verir ki, bu barədə AMB-nin “2022-ci il üçün pul və maliyyə sabitliyi siyasətini əsas istiqamətləri barədə” bəyanatında qeyd olunur.
Bu istiqamətlər aşağıdakılardır:
– rəqəmsal valyutanın tətbiqi üzrə siyasət, məqsəd və hədəfin dəqiqləşdirilməsi;
– maraqlı tərəflərin prosesə cəlb olunması;
– qanunvericilik bazasının formalaşdırılması;
– yeni nəsil texnologiyadan istifadə potensialı;
– bazarın hazırlıq səviyyəsi. MBRV ilə bağlı konseptual sənədlər açıq və ətraflı kommunikasiya ediləcəkdir.
“2022-ci ildə monetar siyasət milli iqtisadiyyatda makroiqtisadi və maliyyə sabitliyinin təmin olunmasına, ilk növbədə inflyasiyanın hədəf çərçivəsinə yaxınlaşmasına, maliyyə sektorunun iqtisadi inkişafda rolunun fəallaşmasına və bu məqsədlə monetar sferada və maliyyə sektorunda islahatların aparılmasına yönəldiləcəkdir. Qarşıya qoyulan hədəflərin realizasiyası əhəmiyyətli dərəcədə makroiqtisadi siyasət institutları arasındakı koordinasiyanın effektivliyindən asılı olacaqdır”, – bəyanatda deyilir.