Qazaxıstanda ölkənin iki iri dövlət şirkətinin rəhbərləri korrupsiya cinayətində şübhəli bilinərək saxlanılıblar. Onların arasında Azərbaycanla yeni transxəzər bərə sisteminin yaradılması barədə əməkdaşlıq sazişi imzalayan “Samruk-Kazına” Milli Rifah Fondunun İdarə Heyətinin sədri Nurlan Jakupov da var.
Vətəninfo.az xəbər verir ki, bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 2026-cı il noyabrın 11-də Milli Təhlükəsizlik Komitəsinin Korrupsiyaya qarşı Mübarizə Xidməti tərəfindən “Samruk-Kazına” SC-nin İdarə Heyətinin sədri Nurlan Jakupov, eləcə də “Qazaxıstan Dəmir Yolları” SC-nin İdarə Heyətinin sədri Yeljas Otınşiyev və digər şəxslər saxlanılıblar.
Məlumata görə, saxlanılan şəxslər korrupsiya cinayətində şübhəli bilinirlər. Hazırda işin bütün hallarının müəyyənləşdirilməsi məqsədilə istintaq tədbirləri həyata keçirilir.
Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi Cinayət-Prosessual Məcəlləsinin 201-ci maddəsinə istinad edərək, məhkəməyədək istintaqın gedişi ilə bağlı əlavə məlumat açıqlamayıb.
Xatırladaq ki, hadisədən təxminən 10 gün əvvəl Nurlan Jakupov Azərbaycan dövlət holdinqi AZCON-un rəhbər şəxsləri ilə yeni transxəzər bərə sisteminin – “Xəzər Körpüsü” layihəsinin yaradılması məqsədilə əməkdaşlıq sazişi imzalamışdı.
Qeyd edək ki, “Samruk-Kazına” Qazaxıstanın ən iri dövlət aktivlərini idarə edən milli rifah fondudur. “Qazaxıstan Dəmir Yolları” isə ölkənin əsas dəmir yolu operatorudur.
Nurlan Jakupov 2023-cü ilin aprelindən “Samruk-Kazına”ya, Yeljas Otınşiyev isə 2026-cı il iyulun 20-dən “Qazaxıstan Dəmir Yolları”na rəhbərlik edir.


























