Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində Qadınlar Şurası yaradılıb.
Vətəninfo.az-ın “Azəriqaz”a istinadən verdiyi məlumata görə, Birliyin Baş direktoru Ruslan Əliyev formalaşacaq Qadınlar Şurasına istənilən dəstəyin veriləcəyini bildirib.
O qeyd edib ki, əməkdaşlarının əhəmiyyətli hissəsini qadınlar təşkil edən “Azəriqaz” İB-də qadınların rolunu artırmaq, onların hüquqlarını mütəşəkkil şəkildə qorumaq, layiq olduqları vəzifələrə inteqrasiyanı formalaşdırmaq baxımından Qadınlar Şurası bütün hallarda təqdir olunmalıdır.
Mentalitetdən dolayı Azərbaycan qadınının öz hüquqlarını tam ifadə edə bilmədiyini deyən baş direktor bu baxımdan Qadınlar Şurasının effektif nəticələrinə inandığını da bildirib.
Baş direktor şəffaf seçki yolu ilə rəhbər heyətin seçilməsini xahiş edib və seçki də daxil olmaqla Qadınlar Şurasına heç bir müdaxilənin olmayacağına əmin edib.
Birliyin Hüquq Departamentinin rəisi Vüqar Eyvazov isə prosedurların hüquqi əsaslarını izah edərək bu yöndə dəstəyin hər zaman təmin olunacağını deyib.
İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev isə informasiya mübadiləsi və görülən işlərin ictimailəşdirilməsi yolunda şöbənin dəstəyini təklif edib.
Sonda açıq səsvermə yolu ilə Gülnar Rəhimqızı Şuranın sədri, Paşayeva Aybəniz sədr müavini, Günay Nuriyeva katib, Təranə Ağazadə isə şəhid və qazi ailələri üzrə məsul şəxs seçildi.
Qeyd edək ki, şəhid və qazi ailələri ilə bağlı məsul şəxsin seçilməsi ideyası Birliyin Baş direktoruna aiddir. Çünki “Azəriqaz” İB hər zaman bu həssas insanlara xüsusi diqqəti ilə seçilir.