image-fb_img_1680252582629backend

Babək cinayətkar idisə, o zaman…-AKİF ƏLİ YAZIR

image-reklam_sirab_01

Ulu Babəkin ölməz ruhu şad olsun!
Min ildir din xədimləri qəhrəman sərkərdəni çeynəyirlər, bitirə bilmirlər… O gün də bir ağıllısı çıxmışdı efirə. İşi çətinə düşəndə Qurandan sitat gətirməklə gözə kül üfürən bir din diletantı, bir ərəb aşiqi, bir cahil “ilahiyyatçı-alim” efirdən deyir ki, Babək hakimiyyətə qarşı çıxdığı üçün cinayətkardır.

image-fb_img_1680252579986
Aman ey vah! O hansı hakimiyyət idi elə?! İşğalla zəbt etdiyi torpaqlarda cavan-qoca, qadın-qarı demədən əhalini qılıncdan keçirdib soyqırım törədən? Karvan-karvan qızıl-gümüşü, xalı-xalçanı daşıyıb aparan, kəndləri çapıb-talayan? Qız-gəlini əsir götürüb heyvərə ərəb şəhvətpərəstlərinə satan? Xalqın beş minillik müqəddəs ocaqlarını, mədəniyyət abidələrini darmadağın edən, kitablarını yandıran cahil dəstəsi? Bu idimi itaət edilməli hakimiyyət?
O cahillərin təəssübünü çəkirsənsə, min ildir Quran oxumaqla zehnin heçmi inkişaf etmədi?!
Bilmirsənsə bil, ey “ilahiyyatçı-alim”, azman sərkərdə Babək özü bir hökmdar idi və özü hakimiyyət sahibi idi! Adı Azərbaycan dövləti olmasa da, Azərbaycan torpağında bütün atributları ilə milli dövlət qurmuşdu və döyüş meydanlarında mərd-mərdanə Azərbaycanı qoruyurdu.

image-fb_img_1680252584858
Ulu Tanrı bu dünyada məntiqdən gözəl bir şey yaratmamışdır! Əgər azadlıq uğrunda 22 il davamlı olaraq axın-axın gələn düşmənə qarşı açıq döyüşdə ölüm-dirim mübarizəsi aparan qəhrəman Babək cinayətkar idisə, o zaman xalqı və torpağı yadelli işğalçılardan qoruyan Cavad xan da, Məmməd Əmin Rəsulzadə də, Fətəli xan Xoyski də, Nağı bəy Şeyxzamanlı da, Əhməd Cavad da və rus işğalına qarşı canını fəda edən neçə-neçə qeyrətli oğullar da cinayətkardırmı? Nə qədər dar düşüncə!
Tarixdən xəbərsiz tarixi qəhrəmana qiymət verən zəka iləmi xalqa ilahi mənəviyyat moizələri oxuyursan?!
Bunu da bil, sənin tərəfdarların üçün hakimiyyət Babəki vəhşicəsinə şaqqalayan min il əvvəlin cahiliyyə qövmü idisə, mənim tərəfdarlarım üçün hakimiyyət – xalqımızın qəhrəman oğlu Babəkin adını uca tutaraq şərəfinə kitablar, filmlər, rəsmlər, abidələr yaradılan müasir Azərbaycan dövlətidir!
Böyük Mirzə Fətəli Axundov demişkən:
“Ey dünyadan bixəbər!
Söylə görüm məgər sən,
Yatıb qəflət içində,
Bir şey eşitməmisən?…”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image