Bağça və məktəblərdə uşaqların sıx təmasda olması virus və digər yoluxucu xəstəliklərin daha sürətlə yayılmasına səbəb ola bilər. Bu səbəbdən valideynlərə övladlarını təhsil müəssisələrinə göndərməzdən əvvəl yaşlarına uyğun peyvəndlərlə əhatə olunmalarına diqqət yetirmələri tövsiyə olunur.
Vətəninfo.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, uşaqların morfo-funksional xüsusiyyətləri və bir-biri ilə sıx təmasda olmaları yoluxucu xəstəliklərin yayılma sürətini artıra bilər. Xüsusilə virusların və digər xəstəlik törədicilərinin yüksək yoluxuculuğu bu prosesə təsir göstərir.
Qeyd olunub ki, peyvəndləmə üçün valideynlər övladlarının yaşayış yeri üzrə ilkin səhiyyə xidməti göstərən müəssisələrə müraciət edə bilərlər. Bunlara poliklinikalar, ailə sağlamlıq mərkəzləri və həkim məntəqələri daxildir.
TƏBİB-in məlumatına görə, peyvənddən əvvəl uşaq mütləq həkim müayinəsindən keçməlidir. Həkim uşağın sağlamlıq vəziyyətini hərtərəfli qiymətləndirdikdən və peyvənd üçün icazə verdikdən sonra onu yaşına uyğun peyvəndləməyə cəlb edir.
Həmçinin vurğulanıb ki, milli peyvəndləmə təqvimi bütün ilkin səhiyyə xidməti müəssisələrində ödənişsiz tətbiq olunur.


























