Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət alarkən həbs edilən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsinin vəzifəli şəxsləri Anar Poladov, Səbuhi Rzayev və Afiq İbayevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. virtualaz.org-un xəbərinə görə, prosesdə hökm oxunub.
Hökmə əsasən, Anar Poladov və Səbuhi Rzayev hər biri 8 il 6 ay müddətinə, Afiq Babayev isə 8 il müddətinə azadlıqdan məhrum ediliblər. A.Babayevin barəsindəki polisin nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalında həbs edilib.
Baş Prokurorluq və İqtisadiyyat Nazirliyi birgə yaydığı məlumata əsasən, İqtisadiyyat Nazirliyinin aidiyyəti qurumu ilə birgə keçirilən əməliyyat tədbiri nəticəsində ötən il sentyabrın 2-də 1000 manat məbləğində rüşvətin 900 manatını vətəndaşdan alarkən cinayət başında yaxalanıblar. Vəzifəli şəxslərin rüşvət almasını əks etdirən videogörüntülər yayılıb. A.Poladov və S.Rzayev Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.