“Bakı Metropoliteni” QSC-nin daha bir əhəmiyyətli istismar-istehsalat sahəsi unikal layihə əsasında yenidən qurulub.
Vətəninfo.az bu barədə quruma istinadən xəbər verir.
Məlumatda deyilir ki, “Nərimanov” elektrik deposu ərazisində biri yeni inşa edilmiş, digəri isə əsaslı şəkildə yenidən qurulmuş iki sexdə elektrik mühərrikləri və avadanlıqlarının təmiri sahəsinin yaradılması qısa müddətdə özünü tam doğruldub.
Buna qədər metropolitendə maşın və mexanizmlərin ən mühüm tərkib hissəsi olan mühərriklərin təmiri hər sahənin özünün təmir qruplarında yerinə yetirilirdi. Bu sexlər əksər hallarda kustar qaydada xidmət göstərir və təmir bazasının möhkəmləndirilməsi, yenilənməsi lazımi diqqətdən kənar qalırdı. Nəticədə, mahiyyətcə vahid xüsusiyyətli texnoloji proseslər pərakəndə qurulur, inkişaf etmir və maddi-texniki bazaya zərbə vururdu.
Səhmdar cəmiyyəti yaradıldıqdan sonra elektrik deposu ərazisində aparılan quruculuq işlərindən biri məhz təmir emalatxanalarının vahid layihə əsasında bir mərkəzdə cəmləşdirilməsi olub. Bunun üçün yeni sexin inşası 2018-ci ildən başlanıb. 2019-cu ildə isə sədrin əmri ilə Elektrik mühərriklərinin təmiri xidməti fəaliyyətə başlayıb. İlk dövrün üç böyük vəzifəsi – infrastrukturun qurulması, maddi-texniki bazanın formalaşdırılması və kadr potensialının yaradılması olub.
Yeni xidmətin yaradılmasının əsas vəzifəsi istismarda olan elektrik mühərriklərinin təmirinin yeni dövrün tələblərinə və iş prinsiplərinə uyğun ardıcıllıqla qurulması, dünya təcrübəsindən bəhrələnməklə yeniliklərin daha sürətli tətbiqi, mühəndis düşüncə tərzinin inkişaf etdirilməsi, səmərələşdirici və elmi-praktik potensialın gücləndirilməsidir.
Xidmət iki binada yerləşməklə iki sahəni özündə ehtiva edir. Birinci və əsas funksional sahə hərəkət qatarlarının dartı mühərriklərinin və kompressorların təmiridir. Bu işin tərkib hissəsinə mühərriklərin sökülməsi və müayinəsi, rotor və statorların təmiri, qaynaq və lehimləmə, dolaqlama-tədarük, dolaqların qızdırılması, yandırılması, üfürülməsi, yuyulması daxildir. Digər sahə bütün növ elektrik avadanlıqları və alətlərinin təmirini özündə birləşdirir.
Sexlərdən ən böyüyünün sahəsi – 800 kv.m , eni 20 m, uzunluğu 40 m-dir. Onun inşası 2020-ci ildə tamamlanıb. Çoxfunksiyalı zonalara malik binada təmirlə yanaşı, xidməti anbarlar və sahələr yaradılıb. İkinci sex 756 kv. m olmaqla eni 18 m, uzunluğu 42 m-dir və inşası 2021-ci ildə yekunaşdırılıb. Sexlərdə dəzgah və qurğular erqonomik xüsusiyyətlər nəzərə alınmaqla, istismar ardıcıllığına uyğun qurulub.
Sexlərdə ən müasir tələblərə cavab verən və avtomatlaşdırılmış 16 müxtəlif dəzgah və qurğu, o cümlədən sınaq stendi stansiyası quraşdırılıb. Bunların sırasında torna, frez, şaquli burğu, balanslaşdırıcı, soyutma ilə induktiv qızdırıcı, sarğı dolaqlayan, kollektorları cığırlayan və bandajlayan dəzgahlar, valların flüslə qaynaq aparatı, aqreqatların yuyulma, vakuum hopdurma, qurutma, yandırma, üfürmə kameraları, eləcə də asinxron mühərriklərin dolaqlarını kəsib çıxaran, kəsici alətlərin itilənməsi qurğuları, çilingər masaları qeyd oluna bilər. Hər sexdə dinamik idarə olunan 5 tonluq telferlər quraşdırılıb. “COVID-19” pandemiyasının yaratdığı çətinliklər səbəbindən dəzgah və qurğuların alınaraq quraşdırılması mərhələli şəkildə aparılıb və 2021-ci ildə tamamlanıb.
Mühərriklərin təmirindəki yeni texnologiyalar sabit və dəyişən cərəyan üçün nəzərdə tutulub. Deməli, burada nəinki əvvəlki nəsildən olan vaqonların sinxron, həm də yeni tipli qatarların asinxron mühərriklərinin təmiri uğurla aparıla bilir. Bu xüsusda eskalatorların, ventilyatorların, su və suvurma qurğularının nasoslarının və s. mühərriklərin təmiri qeyd edilməlidir. Lakin sexlərdə təkcə elektrik deyil, həmçinin daxili yanma mühərrikli əl alətləri, daşınan pnevmatik, eləcə də hidravlik alət və avadanlıqları də təmir olunur.
Metropolitenin tikinti və istismar sahələrində kifayət qədər çoxsaylı müxtəlif elektrik alətlərindən də istifadə olunur. Artıq bu alətlər pərakəndə və kustar şəkildə deyil, məhz bu sexdə təmir edilir. Onlar möhürlənərək sahələrə qaytarılır. Eyni zamanda, burada operativliyi və sahələrdə alət çatışmazlığının qarısını alaraq məhsuldarlığı təmin edən maddi-texniki mübadilə sistemi qurulub.
Bu addımlarla istənilən elektrik alətinin sıradan çıxaraq yararsız hala gəlməsinin qarşısı alınıb. Ehtiyat hissələrinin çatışmazlığına görə alət qıtlığına, texniki nasazlıq səbəbilə iş ritminin və rejiminin pozulması hallarına yol verilmir. Bununla inventarla davranış məsuliyyəti möhkəmlənib. Kənar və qeyri-peşəkar müdaxilələrin, yarasız adı ilə alətlərin mənimsənilməsinin qarşısı alınıb.
Beləcə, metropolitendə təmir sahəsində tamamilə yeni bir eranın təməli qoyulub. Yeni yaradılmış sahə sayəsində əl əməyi ən aşağı həddə endirilib, vaxt itkisinin qarşısı alınıb. Ən əsası, keyfiyyətli təmirə şərait yaradılıb. İşçi əməyinə qənaət onun səmərəsini dəfələrlə artırıb. Həmçinin texnoloji proseslərdə insan faktoru, əsasən, aradan qaldırılıb. İnnovasiyalar mühəndis-mütəxəssis düşüncə tərzinin, səmərələşdirici və elmi-praktik fəaliyyətinə geniş meydan verib. Başqa sözlə, metropolitendə zavod şəraitində təmir sisteminin yaradılması tarixi iqtisadi və texnoloji nailiyyətdir.
Xidmətin hələ formalaşma dövründəki qısamüddətli fəaliyyətinə nəzər salsaq, qeyd oluna bilər ki, iki ilə yaxın bu müddətdə vaqonların 500-ə yaxın dartı mühərrikinin 85%-i təmir olunaraq cəmi 15%-ə yaxını yararsız hesab edilib. Vaqonların elektrik mühərrikləri ilə birgə 200-dən artıq hava kompressorunun 90 faizə, 100-dən artıq Pl tipli elektrik mühərrikinin hamısı, 100-ə yaxın asinxron mühərrikin 75%-ə yaxını istismara qaytarılıb. Daxil olmuş 500-dən artıq elektrik alətinin (drel, perforator, laqonda, qaynaq aparatı və s.) 50 faizdən çoxu təmir olunaraq sahələrə təhvil verilib.