Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Bakı Telefon Rabitəsi” MMC (“Baktelecom”) 2020-ci ili 13,712 milyon manat xalis zərərlə başa vurub. Halbuki, şirkət 2019-cu ildən 10,980 milyon manat mənfəətlə çıxmışdı.
Veteninfo.az xəbər verir ki, 2020-ci ildə “Baktelecom”un göstərdiyi xidmətlərdən gəlirləri 77,922 milyon manat (əvvəlki illə müqayisədə 7,3 % çox), xidmətlərinin maya dəyəri 54,020 milyon manat (9 % çox), ümumi, inzibati və digər əməliyyat xərcləri 20,415 milyon manat (4 % az), gözlənilən kredit itkisi 1,198 milyon manat (30,2% çox), digər əməliyyat gəlirləri 297 min manat (9,2 dəfə az), maliyyə xərcləri 174 min manat (37,2 % az), mənfəət vergisi ödəmələri isə 16,124 milyon manat (əvəvlki il qənaət edib) təşkil edib.
Bu il yanvarın 1-nə “Baktelecom”un aktivləri 133,132 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 0,2% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 14% azalaraq 29,187 milyon manata düşüb, balans kapitalı isə 4,4% artaraq 103,945 milyon manata çatıb.
Xatırladaq ki, “Baktelecom” 1997-ci ildən fəaliyyət göstərən “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) bazasında 2017-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 43,151 milyon manatdır.