image-39backend

Bakıda “razborka” edənlərə hökm oxundu

image-reklam_sirab_01

Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda təqsirləndirilən dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən Elçin Quliyev 11 il, Vasif Allahverdiyev 10 il, Niyaməddin Kazımlı, Şaiq Hüseynov və Fəqan Eminoğlunun hər biri 8 il 6 ay azadlıqdan məhrum edilib. Fərəh Rəsulovaya isə sınaq müddəti təyin edilərək ona şərti cəza verilib.

Adam oğurluğunda sifarişçi olan Aygün Abbasovaya isə 5 il azadlıqdan məhrum edilib. Onun övladının 14 yaşı tamam olduqda hökmün icrasına yenidən baxılacaq.

İttihama görə, Xətai rayon sakini Hüseyn Əsgərov A.Abbasovaya 25 min manat borclu olub. Borcunu qaytara bilmədiyi üçün o, A.Abbasovanın sifarişi ilə kafelərin birinə dəvət edilib.

Daha sonra H.Əsgərov əvvəllər məhkum olunmuş V.Allahverdiyev, Sumqayıt şəhər sakinləri – əvvəllər məhkum olunmuş Ş.Hüseynov və F.Eminoğlu tərəfindən məcburi qaydada, iradəsindən kənar avtomobilə əyləşdirilərək A.Abbasovanın Pirşağı qəsəbəsində yerləşən bağ evinə aparılıb.

Həmin ünvana daha sonra gələn Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Kazımlının iştirakı ilə H.Əsgərova müxtəlif dərəcəli bədən xəsarəti yetirərək 25 min manatın əvəzinə 30 min manat ödəməsini bildirərək işgəncə veriblər.

Alınan pulun müqabilində A.Abbasova həmin şəxslərə 10 min manat verəcəyini vəd edib.

Keçirilən kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslər müəyyən olunaraq saxlanılıb, zərərçəkmiş H.Əsgərov girov saxlanıldığı yerdən azad edilib.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 144.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən adam oğurluğu törətmək), 144.2.4-cü (zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə adam oğurluğu törətmək) və 144.2.6-cı (tamah məqsədi ilə və ya sifarişlə adam oğurluğu törətmək) maddələri ilə ittiham elan edilib.

Xatırladaq ki, F.Rəsulova universal döyüş üzrə dünya və Avropa çempionudur. Zərərçəkmiş H.Əsgərov da idmançı olub.

V.Allahverdiyevin adı cinayət işində dəstə rəhbəri kimi göstərilir. N.Kazımlı da peşəkar idmançıdır. O, yunan-Roma güləşi üzrə dəfələrlə Azərbaycan çempionatının və beynəlxalq yarışların mükafatçısı olub.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki