Rusiyada polis, xüsusi xidmət və digər güc strukturlarının əməkdaşlarını korrupsioner və ya cinayətkar kimi göstərən filmlər dövlət maliyyəsindən məhrum ediləcək. Yeni yanaşma manyaklar və seriyalı qatillər haqqında ekran əsərlərinə də şamil olunacaq.
Rusiya Mədəniyyət Nazirliyi və İnternetin İnkişafı İnstitutu kino sənayesinin nümayəndələrini yeni tələblər barədə məlumatlandırıb.
Söhbət Daxili İşlər Nazirliyi, Federal Təhlükəsizlik Xidməti (FTX), İstintaq Komitəsi və prokurorluq əməkdaşlarının rüşvət aldığı, korrupsiya və ya digər cinayət sxemlərində iştirak etdiyi ssenarilərdən gedir.
Belə süjetlər əsasında film çəkmək qadağan edilmir. Lakin həmin layihələr artıq dövlət maliyyəsi ala bilməyəcək.
“Kommersant”ın məlumatına görə, qərar hələlik rəsmi sənəd şəklində rəsmiləşdirilməyib. Yeni qaydalar prodüserlərə şifahi şəkildə çatdırılıb.
Nəşrin kino sənayesindəki mənbələrindən biri bildirib ki, bu tələbə əməl edilməməsi prodüserlərin sonrakı layihələri üçün dövlət dəstəyi almasına da təsir göstərə bilər.
Məhdudiyyət ilk növbədə tammetrajlı filmlərə şamil olunur. Seriallar üçün isə tələblərin nisbətən yumşaq olacağı bildirilir.
Mənbələr yeni yanaşmanın səbəblərindən birini son illərdə 1990-cı illər haqqında çəkilmiş çoxsaylı filmlərdə Rusiya güc strukturlarının mənfi obrazda təqdim edilməsi ilə əlaqələndirirlər.
Dövlət maliyyəsindən kənarda qalacaq digər mövzu manyaklar və seriyalı qatillərdir.
İnternetin İnkişafı İnstitutu bundan əvvəl də belə layihələri maliyyələşdirməkdən imtina etmişdi. Qurum bunu manyaklar haqqında filmlərin tamaşaçıların “qadağan olunmuş mövzulara”, psixoloji pozuntulara və zorakılığa marağından istifadə etməsi ilə əsaslandırırdı.
Beləliklə, yeni yanaşmaya əsasən, rusiyalı rejissor və prodüserlər korrupsiyaya bulaşmış polis, FTX, İstintaq Komitəsi və ya prokurorluq əməkdaşları haqqında film çəkməyə davam edə bilərlər. Ancaq belə ssenari ilə dövlət büdcəsindən maliyyə almaq imkanları olmayacaq.Musavat.com


























