image-nizaneddin-agcayevbackend

“Bərpaolunan enerji növlərinin istehsalına Azərbaycan dövləti çox böyük önəm verir”

image-reklam_sirab_01

Azərbaycanın enerji ehtiyatları həm də milli iqtisadiyyatın bütün sahələrinin dinamik inkişafının əsasını təşkil edir, ölkənin ümumi daxili məhsulunun, əsas maliyyə – iqtisadi göstəricilərinin formalaşmasında həlledici amil kimi çıxış edir. Odur ki, mövcud təbii ehtiyatlardan, yanacaq-enerji potensialından səmərəli istifadə edilməsi siyasəti Cənubi Qafqazın regional geosiyasi və geoiqtisadi vəziyyəti fonunda ölkənin davamlı iqtisadi inkişafının və iqtisadi təhlükəsizliyinin əsas təminatlarından birini yaradır.

Qlobal iqlim çağırışları, dünyanın aparıcı ölkələrinin yaşıl enerji və yaşıl iqtisadiyyat sahəsində iddialı öhdəlikləri və strategiyaları enerji sektoruna mühüm təsir göstərib və göstərəcək. Azərbaycanın yaşıl enerji siyasəti ilə bağlı aydın baxışı, məqsəd və vəzifələri var.

Enerji resursları ilə zəngin olmasına və dünyada enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq Azərbaycan Respublikasında bərpa olunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadənin gücləndirilməsindən ibarətdir. Ölkəmizdə bərpa olunan enerji potensialından səmərəli istifadə edilməsi məqsədilə atılmış əsas addımlardan biri 2004-cü ildə “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın qəbul edilməsi olub. 2009-cu ildən başlayaraq ölkə rəhbərliyi tərəfindən bu sahədə qəbul edilmiş qərarlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bərpa olunan enerji mənbələrindən istifadənin gücləndirilməsinə xüsusi diqqət göstərdiyini sübut edən nümunələrdir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 sentyabr tarixli, 1159 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi yaradılmış və Agentliyin Əsasnaməsi təsdiq edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədinin 5-ci bəndində (TƏMİZ ƏTRAF MÜHİT VƏ “YAŞIL ARTIM” ÖLKƏSİ) iqlim dəyişikliyi və onunla mübarizə istiqamətində, eləcə də ölkəmizdə yaşıl enerji məkanı prinsiplərinə əsaslanan bərpa olunan enerjidən iqtisadiyyatın bütün sahələrində tətbiqi məsələləri öz əksini tapmışdır.

2020-ci ilin 9 yanvar tarixində Azərbaycan Respublikasının Nazirlər Kabinetində Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri arasında bərpa olunan enerji üzrə pilot layihələrin həyata keçirilməsi ilə bağlı İcra müqavilələrinə uyğun olaraq “ACWA Power” şirkəti ilə 240 MVt gücündə külək, “Masdar” şirkəti ilə isə 230 MVt gücündə günəş stansiyalarının tikintisi ilə bağlı pilot layihələr icra edilməsi nəzərdə tutulmuşdur.

2020-ci ilin 30 dekabr tarixində Energetika Nazirliyi, “Azərenerji” ASC və “ACWA Power” şirkətinin iştirakı ilə icrası nəzərdə tutulan 240 MVt külək elektrik stansiyası layihəsi üzrə “İnvestisiya müqaviləsi”, “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” imzalanmışdır.

Bu gün ölkə “yaşıl” enerjiyə keçid istiqamətində nəhəng addım atıb.

2022-ci il yanvarın 13-də təməlqoyma mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev  öz çıxışında “Bu stansiya Azərbaycanda bərpaolunan enerji sektorunda ən böyük elektrik stansiyası olacaqdır. Onun istehsal gücü 240 meqavatdır və təbii ki, dediyim kimi, həm ölkəmizin enerji təhlükəsizliyinə töhfə verəcək, eyni zamanda, çoxlu iş yerlərinin yaradılmasına səbəb olacaq. Həmçinin bizim təbii qaza qənaətimiz ilə bağlı planlarımızda olan məsələlər də öz həllini tapacaq” deyərək, Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsi prosesində mühüm hadisə olduğunu vurğulamışdır.

Azərbaycanın enerji siyasəti regionda təhlükəsizliyin möhkəmlənməsində strateji faktor kimi çıxış edir. Qarşılıqlı investisiya qoyuluşunun artması, yeni əməkdaşlıq platformalarının gündəmə gətirilməsi regional miqyasda hazırkı əməkdaşlığın səmərəli nəticələridir. “Son illər Azərbaycanda, o cümlədən energetika sahəsində aparılan islahatlar, gözəl investisiya iqlimi, ölkəmizin uğurlu inkişafı, ölkəmizdə mövcud olan sabitlik, əmin-amanlıq, təhlükəsizlik – bütün bu amillər təbii ki, hər bir investor üçün önəmli rol oynayır. Bir də ki, Azərbaycanda xarici investisiyaların qorunması da ən yüksək səviyyədədir. Xarici investorlar yaxşı bilirlər ki, bizim sözümüz imzamız qədər qiymətlidir və dəyərlidir”.

Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti tərəfindən tikiləcək “Xızı-Abşeron” külək elektrik stansiyası ölkəmizdə xarici sərmayə cəlb edilməklə həyata keçiriləcək ilk sənaye həcmli bərpa olunan enerji layihəsidir. Eyni zamanda stansiya Azərbaycanda ən böyük külək enerji stansiyası olacaq.

Azərbaycan Respublikası Cənubi Qafqazın yeganə ölkəsidir ki, zəngin karbohidrogen ehtiyatlarına, inkişaf etmiş yanacaq-energetika infrastrukturuna və özünü tam təmin edən enerji sisteminə malikdir. Ölkənin təkcə milli və regional səviyyədə deyil, həm də dünya enerji sistemində getdikcə həlledici bir vəsiləyə çevrilməsi, transmilli enerji bazarlarında özünəməxsus yer tutması və Avropanın enerji təhlükəsizliyində fəal iştirakı onun regional və planetar geosiyasi, geoiqtisadi mövqeyinin möhkəmlənməsinə xüsusi təsir göstərməkdədir. “Azərbaycan müstəqillik dövründə uzun illər ərzində öz enerji təhlükəsizliyinin təmin edilməsi üçün fəal çalışıb. Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, həm xam neft, həm təbii qaz, neft məhsulları və elektrik enerjisini daxili tələbatı ödəmək üçün tam istehsal edir və eyni zamanda, bu dörd məhsulu dünya bazarlarına ixrac edir. Beləliklə, ölkəmizin enerji təhlükəsizliyi tam təmin edilib və ildən-ilə artan təbii qazın ixracı və elektrik enerjisinin ixracı digər ölkələrin enerji təhlükəsizliyinə də müsbət təsir göstərir”

Qarabağ və Şərqi Zəngəzur iqtisadi regionu üçün yeni strategiya Cəbrayılda 240 MVT günəş və Kəlbəcərdə 100 MVT külək elektrik stansiyalarının, 80 MVT-a yaxın kiçik su elektrik stansiyalarının bərpası və 140 MVT-lıq “Xudafərin” və “Qız qalası” su elektrik stansiyalarında işlərin başa çatdırılması regionun enerji təchizatında yaşıl enerji mənbələri hesabına artıqlaması ilə təmin etməyə imkan verəcək. “İşğaldan azad edilmiş ərazilərdə, Cəbrayıl rayonunda hazırda böyük günəş elektrik stansiyasının tikintisi ilə bağlı danışıqlar, müzakirələr aparılır. Bu stansiyanın enerji istehsalı potensialı da 240 meqavata bərabər olacaq. Deyə bilərəm, aparılmış dəqiq təhlil nəticəsində bəlli oldu ki, işğaldan azad edilmiş ərazilərdə bütövlükdə 10 min meqavata yaxın bərpaolunan külək və günəş elektrik enerjisinin istehsalı mümkündür”.

Ölkənin artan enerji tələbatı nəyinki “Yaşıl enerji” hesabına ödəniləcək, həm də yaradılan bu izafi elektrik güclərinin Zəngəzur dəhlizi vasitəsi ilə Naxçıvan üzərindən qardaş Türkiyəyə də ötürmək mümkün olacaq. Elektrik stansiyalarında karbohidrogen yanacağından az istifadə edilməsi hesabına milyon tonlarla karbon dioksidinin qarşısı alınacaq və ölkədə ekoloji sağlamlaşma prosesinə təkan veriləcək.

“Dünyanın demək olar ki, gündəliyinin ön sıralarında olan “Yaşıl gündəliyi” də təsdiq edilib və biz öz növbəmizdə işğaldan azad edilmiş əraziləri-10 min kvadratkilometr ərazini “yaşıl enerji” zonası elan etmişik. Artıq bir neçə su elektrik stansiyası inşa edilib, fəaliyyətdədir”.

Layihənin işə düşməsi ilə yeni iş yerlərinin açılması, həm yeni istehsal və xidmət sahələrinin yaradılmasına öz töhfəsini vermiş olacaq. Bu həm də xarici investorlarla işin təşkili təcrübəsi deməkdir. Bundan əlavə reallaşan bu layihə yerli ixtisaslı kadr potensialının formalaşmasına da kömək olacaq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sözləri ilə desək, Ölkəmizdə inşa ediləcək bu ən böyük bərpaolunan enerji stansiyasının açılışından sonra və bəlkə də açılışına qədər biz digər investisiya layihələrini icra etməyə başlayacağıq. O ki qaldı, bu stansiyanın açılışına, ümid edirəm, çox vaxt keçmədən biz bu böyük enerji layihəsinin açılışını birlikdə qeyd edəcəyik”.

 

 

 

 

Bakı şəhəri E.Cəfərov adına

118 nömrəli tam orta məktəbin direktoru Nizaməddin Ağcayev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki