Cənab Akif Nağı!
Sizin son günlər jurnalist Səidə Bəkirqızının ünvanına səsləndirdiyiniz ifadələri və sonradan bu ifadələrə gətirdiyiniz “linqvistik” bəraəti izlədikcə, bir Azərbaycan ziyalısı adından utanc hissi keçirməmək mümkün deyil. İllərdir özünüzü Qarabağ davasının carçısı kimi təqdim etdiniz, amma görünür, Qarabağ azad olunandan sonra sizin siyasi gündəminiz də, ritorikanız da “işğal” altına düşüb. Bu dəfəki “düşməniniz” isə həqiqəti deməkdən çəkinməyən bir Azərbaycan xanımıdır.
Sizdən soruşmaq lazımdır: Səidə Bəkirqızının bəzi məcburi köçkünlərin qanunsuz hərəkətləri ilə bağlı dediyi hansı söz yalandır? Dövlətin onlara göstərdiyi humanistliyi sui-istifadəyə çevirib, 30 il çörəyini kəsdiyi yerli sakinin öz evini pulla özünə satmaq istəyən o mürvətsizlərin varlığını siz bilmirsinizmi? Bilirsiniz! Amma susursunuz. Çünki sizin üçün həqiqət yox, artıq bitmiş bir mövzunun qalıqları üzərində gündəmdə qalmaq maraqlıdır. Bir jurnalisti heç bir fakt olmadan “erməni agenti” elan etmək, onu “verbovka” olunmaqda ittiham etmək nə zamandan vətənpərvərlik olub? Əslində, cəmiyyəti daxildən gəmirən bu cür mənəvi aşınmaları ifşa edən Səidə xanım sizdən daha çox vətənə xidmət edir.
Ən acınacaqlısı isə odur ki, məsələ məhkəmə müstəvisinə çıxan kimi illərdir iddia etdiyiniz “cəsarətiniz” birdən-birə yoxa çıxdı. “O ağır təhqiri erməni qadıncığı kimi oxuyun” deməklə kimi aldatdığınızı sanırsınız? Bu xalqın zəkası ilə məsxərə kəsməyə haqqınız varmı? Bu “geri ötürmə” taktikası sizin həm siyasi karyeranızın, həm də “ağsaqqallıq” iddialarınızın intiharıdır. Bir xanımı təhqir edib, sonra hərflərin arxasında gizlənmək nə siyasi etikaya, nə də kişi ləyaqətinə sığır.
Təəssüf ki, bu davranışınızla siz, xüsusilə külli miqdarda dələduzluqda ittiham olunan və Səidə xanımı təhqir edən Rəqsanə İsmayılova ilə eyni mənəvi səngərdə yer aldınız. Bir partiya sədri ilə bir dələduzluq ittihamlı müğənninin eyni üslubda birləşməsi Azərbaycanın siyasi tarixində nadir rast gəlinən rəzalət nümunəsidir.
Cənab Nağı!
Gündəmdə qalmağın yolu həqiqəti deyən xanımları təhqir etmək deyil, o həqiqətlərin həllinə çalışmaqdır. Sizin “qadıncıq” manevriniz yaddaşlarda bir siyasi hiyləgərlik kimi qalacaq, Səidə Bəkirqızının cəsarəti isə Azərbaycan jurnalistikasının şərəfli səhifəsi olaraq. Seçim sizindir, amma tarix artıq öz hökmünü verib.
Hörmətlə,
Şəmsi Qoca
Şair-publisist



























