Bu dünyaya gəlməməli olduğunu düşünən 20 yaşlı Evi Tumbs anasının həkimini məhkəməyə verib. Qəribə hadisə İngiltərənin Linkolnşir qraflığının Skeqness şəhərində qeydə alınıb.
Tumbs “spina bifida”dan əziyyət çəkdiyini deyir. O, anasına hamiləlikdən əvvəl və hamiləlik dövründə məsləhət verən doktor Filip Mitçeli patologiyanın inkişafında günahkar hesab edir. Tumbsun sözlərinə görə, həkim anaya hamiləliyi planlaşdırarkən fol turşusu qəbul etməyi tövsiyə etməyib, hansı ki, bu əlavə fetusun sinir borusunda qüsurların, o cümlədən “Spina bifida”nın inkişafının qarşısını alır.
Britaniyalı qadın doktor Mitçeli məhkəməyə verib və onun doğulmasına icazə verdiyi üçün ondan milyon funt-sterlinq təzminat tələb edib.
Həkim qızın ittihamları ilə razılaşmayıb və iddia edir ki, bu qədər yanıla bilməzdi, çünki hamiləliyi planlaşdıran bütün xəstələrə müvafiq əlavələr qəbul etməyi tövsiyə edir.
Məhkəmə davam edir. Tumbsun tələb olunan təzminatı alıb-almayacağı hələlik məlum deyil.
“Spina bifida” – onurğa sütununun parçalanması və bu nahiyədə yırtığın qabarması ilə xarakterizə olunan, müalicə olunmayan xəstəlikdir. Bu xəstəlik yaşla daha da pisləşir. Adətən ananın hamiləliyinin ilk ayında körpədə baş verir, iflic, həmçinin digər ağır fəsadlarla müşayiət oluna bilər.