image-1b32e5ff-2c46-4c8e-91f7-313943de07e9backend

Dünyanın siyasi xəritəsində Heydər Əliyev zirvəsi

image-reklam_sirab_01

 

 

Siyasi liderlik bir və ya bir neçə fərdin həyata keçirdiyi elə bir hakimiyyətdir ki, bununla millətin nümayəndələri hərəkətə gətirilir.” Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev özünün uzaqgörən siyasəti və gərgin əməyi sayəsində, ağır və ziddiyyətli şəraitə baxmayaraq, tarixin çox qısa bir zamanı çərçivəsində ölkəsinin kövrək müstəqilliyini qoruyub möhkəmləndirməklə bərabər, respublikanın sosial-iqtisadi inkişafında və dünya təsərrüfat sisteminə inteqrasiya olunmasında da çox böyük uğurlar qazandı. Ən böyük nailiyyət isə ondan ibarətdir ki, ölkədə müstəqil dövlət quruculuğu prosesinin həyata keçirildiyi bu dövrdə iqtisadi islahatların mahiyyətcə tam yeni bir modeli – Azərbaycan modeli meydana gəldi.

Bəli. Heydər Əliyevin dahiliyi bu idi. Dünyaya Azərbaycanı tanıtdı. Bu gün isə Heydər Əliyevin şah əsəri olan Azərbaycan sözün həqiqi mənasında öz qətiyyətli mövqeyi ilə dünya ölkələri arasınd seçilir. Təbii ki, əldə olunan bu uğurların əsasında düzgün və düşünülmüş iqtisadi siyasət dayanır. Heydər Əliyevin iqtisadi siyasəti isə parçalanmaq və yer üzündən silinmək təhliükəsi ilə üzləşən Azərbaycanı qüdrətli ölkəyə çevirdi. Hələ SSRİ rəhbərliyi dövründə həyata keçirdiyi işlər Azəbaycanda iqtisadi yüksəliş. Üçün zəımin rolunu oynadı. Məhz ikinci dəfə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin az bir müddətdə bu istiqamətdə atılmış düşünülmüş və hədəfə ünvanlanmış addımları öz bəhrəsini verdi. 1994-cü il sentyabrın 20-də təzyiq və hədələrə baxmayaraq, “Əsrin müqaviləsi” imzalandı. Şübhəsiz, bu müqavilənin çox böyük iqtisadi dəyəri ilə yanaşı, ölçüyə gəlməyən siyasi əhəmiyyəti də var idi. Yaxın vaxtlara qədər dünyanın tanımadığı, iflas və məhv olmaq təhlükəsi qarşısında olan gənc, müstəqil Azərbaycan beynəlxalq iqtisadi-siyasətin maraq mərkəzlərindən birinə, bu siyasəti müəyyənləşdirən qüdrətli dövlətlərin mühüm iqtisadi tərəfdaşına çevrilirdi.

“Əsrin müqaviləsi” imzalanandan sonra əlverişli və etibarlı investisiya mühitinin formalaşdırılması üçün güclü qanunvericilik bazası yaradılmağa başlandı. Ölkə iqtisadiyyatında aparılan islahatlar, qanunvericiliyin, vergi və bank sisteminin sürətlə dəyişən iqtisadi şəraitə uyğunlaşdırılması, yeni iqtisadi münasibətlərə cavab verməsi 1994-cü ildə artıq iqtisadi tənəzzülün qarşısını almağa, sabitliyin əldə edilməsinə gətirib çıxardı. Bunun başlıca amili isə ölkəyə xarici investisiya axınının başlanması idi. Əgər 1993-cü ildə Azərbaycan iqtisadiyyatına heç bir xarici kapital yönəldilməmişdisə, artıq 1994- 2000-ci illərdə ölkəyə 5,5 milyard birbaşa xarici investisiya daxil olmuşdu ki, bunun da 3,3 milyard dolları neft sektoruna, 2,2 milyard dolları isə sənayenin digər sahələrindəki infrastrukturun inkişafına yönəldilmişdi. Bu investisiya axını artdıqca Azərbaycan sənayesi, tikinti, nəqliyyat-kommunikasiya və digər xidmət sahələri dirçəlməyə, 1997-ci ildən isə ümumi daxili məhsul istehsalı sürətlə artmağa başladı.

1995-2000-ci illərdə xarici investisiyalarla paralel olaraq yerli mənbələr hesabına kapital qoyuluşunun həcmi də sabit olaraq qalxmağa başladı. Heydər Əliyevin həyata keçirdiyi iqtisadi islahatlardan sonra əldə olunan gəlirlər dövlət büdcəsindən, yerli şirkətlərdən və fərdi şəxslərdən, bu dövrdə sənayenin bir çox sahələrinə- yaşayış evlərinin və kommunal xidmət müəssisələrinin tikintisinə, nəqliyyat və kommunikasiyaya, ticarət və xidmət obyektlərinin, mədəni müəssisələrin, hotellərin tikintisinə 9,7 trilyon manat (2,3 milyard dollar) vəsait yönəltməyə imkan verdi.

Xarici ticarətin liberallaşdırılması və idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi Azərbaycanın xarici ticarət əlaqələrinin inkişafının sürətləndirilməsinə geniş imkanlar açdı. “Heç bir ölkə, hətta ən böyük bir ölkə belə, yalnız öz çərçivəsində iqtisadiyyatını lazımi səviyyədə inkişaf etdirə bilməz”, deyən və ölkədə xarici biznes adamları üçün “açıq qapılar” siyasəti elan edən Prezident Heydər Əliyev xarici ölkələrə səfərləri zamanı bu ölkələrin iş adamları, şirkət rəhbərləri ilə görüşür, gənc müstəqil dövlətin iqtisadi potensialı haqqında ətraflı danışır, onları Azərbaycana dəvət edir və yüksək biznes mühitinə təminat verirdi. Bunun nəticəsi özünü çox gözlətmədi. Artıq 1994-cü ildəki 57 ölkədən fərqli olaraq, 2000-ci ildə respublika 123 ölkə ilə ticarət əlaqəsi qurmuş, xarici ticarət dövriyyəsinin həcmi 3,9 milyard manata çatmışdı ki, bu da 1994-cü ildə olduğundan 2,5 dəfə çox idi.

Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindən biri də Azərbaycanda yaxın illər ərzində sosial -iqtisadi tərəqqini təmin edəcək sahibkarlıq mexanizminin əsasını qoyması, onu bütün ölkə boyu işlək mexanizmə çevirmək üçün qanunvericilik bazasını yaratması və ölkədə yeni yaranmağa başlayan sahibkarlar sinfinin formalaşmasında şəxsən iştirak etməsi olmuşdur. Bu işdə dövlət başçısının qətiyyəti sayəsində ictimai və dövlət mülkiyyətinin özəlləşdirilməsinin yeni Dövlət Proqramının hazırlanıb çox sürətlə həyata keçirilməsinə start verməsi xüsusilə mühüm rol oynamışdır.

Azərbaycan Prezidenti Heydər Əliyev 1995-ci il iyulun 30-da “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında Dövlət Proqramı”nın təsdiq olunması üçün Milli Məclisə ünvanladığı müraciət məktubunda çox böyük uzaqgörənliklə bu tədbirin mühüm əhəmiyyətini göstərərək yazırdı: “İqtisadi böhrandan əsas çıxış yolu dövlət mülkiyyətinin özəlləşdirilməsindədir, ona görə ki, dövlətin iqtisadi sahədə yeganə inhisarçı olduğu şəraitdə heç bir islahatın aparılması mümkün deyildir”.

Bununla paralel olaraq Prezident Heydər Əliyev vaxt itirmədən, məsuliyyəti üzərinə götürərək, böyük cəsarətlə, ancaq çox dəqiqliklə işlənmiş aqrar islahatlara start verdi. Qısa vaxtda “Aqrar islahatın əsasları haqqında”, “Sovxoz və kolxozların islahatı haqqında” və “Torpaq islahatı haqqında” qanunlar işlənib hazırlandı və qəbul olundu. Bu artıq fərdi təsərrüfatların, yəni şəxsi mülkiyyətə söykənən sahibkarlığın əsasını qoymağa geniş imkan açırdı.

Ulu öndərin cəsarətlə bu islahatlara getməyinin bir səbəbi də onda idi ki, o, torpaq islahatını Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi dövrdə Culfa rayonunun Şurut və Gal kəndində sınaqdan keçirmişdi. Böyük dövlət xadiminin bu sahədə müstəsna xidmətlərinin real nəticəsidir ki, indi hər il kənd təsərrüfatı məhsulları istehsalının artan dinamikası müşahidə edilir və bu da ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasına imkan verir. Məsələn, 2006-cı ildə respublikanın kənd təsərrüfatında indiki qiymətlərlə 2,1 milyard dollarlıq məcmu məhsul istehsal edilmişdi.

Fəlsəfi fikir sahiblərindən biri yazır ki, “siyasət dünyasında daimi heç nə olmadığı kimi, heç bir universal resept də yoxdur. Yalnız uğur qazanmaq üçün daimi qaydalar var. Siyasətdə başlıcası adekvat metod və vasitələr axtarıb tapmaqdır.” Bu metod və vasitələri tapmaqda çətinlik çəkməyən Heydər Əliyevin fenomenal siyasi istedadı ən çətin məqamda belə ona uğur gətirən qızıl qaydaya çevrilmişdi.

Bu fenomenal siyasi istedad sahibinin müstəqil respublikanın iqtisadiyyatına verdiyi misilsiz töhfələrdən biri də, irəli sürdüyü unikal layihələrlə Azərbaycanı tranzit ölkəsinə çevirməsidir. Bp şirkətinin prezidenti Con Braunun haqlı olaraq “dünyanın enerji xəritəsini dəyişən” layihə kimi qiymətləndirdiyi Bakı—Tbilisi—Ceyhan neft kəməri ulu öndərin neft strategiyasında yeni bir mərhələ oldu. Bəzi dövlətlərin qısqanclıqla yanaşdıqları, hətta reallaşacağına şübhə etdikləri Bakı-Tbilisi-Ceyhan neft kəməri, əslində, böyük öndərin neft strategiyasının məntiqi davamı idi. Nahaq deyildi ki, hələ böyük neft müqaviləsi imzalananda tanınmış rus siyasətçilərindən biri yazırdı: “Vaxtilə “Neft Daşları”nın kəşfi Azərbaycanı Xəzərin hökmdarı etmişdisə, Heydər Əliyevin ağıllı kombinasiyalarının, dərin zəkasının və qətiyyətinin təntənəsi olan “Əsrin müqaviləsi” gənc müstəqil Azərbaycanı dünyanın qüdrətli dövlətlərinin mühüm iqtisadi tərəfdaşına çevirdi”.

Bu gün fəaliyyət göstərən Böyük İpək Yolunun bərpası, Bakı—Tbilisi—Ceyhan neft kəməri, Bakı-Tbilisi—Ərzurum qaz kəməri layihələrinin reallaşmasının ardınca hazırda gerçəkləşməkdə olan, Şimalla -Cənubu birləşdirəcək Bakı-Tbilisi – Qars yeni dəmir yolu magistralının istifadəyə verilməsi Azərbaycanı nəinki regionda, bütün dünyada çox mühüm strateji portnyora cevirəcək. Bu, Hindistanın, Cənubi Asiya və Fars körfəzi, Yaxın və Orta Şərq, Şərqi və Mərkəzi Avropa ölkələrinin Azərbaycandan keçən yüklərinin həcmini əhəmiyyətli dərəcədə artıracaq. Artıq 2003-cü ildən başlayaraq, yeni bir liderin – Prezident İlham Əliyevin rəhbərliyi ilə məhz bu iqtisadi modelin ikinci mərhələsi reallaşdırılmağa başlanıldı. Bu gün isə bu siyasət uğurla davam etdirilir. Bunu biz yox statistik göstəricilər deyir. Ölkədə bütün sahələrdə ciddi nəaliyyətlər əldə olundu. Bir sıra Avropa ölkələri bu yolu 50-100 ilə qət edirdisə Azərbaycan bu yolu daha tez müddətə qət etdi.

 

 

 

 Aynur Hüseynli- Sahibkar


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki