image-3c623af0-a249-4d58-850c-78301cb22f10backend

“Əgər uşağın qızdırması varsa…” – Nazirlik

image-reklam_sirab_01

Əgər uşağın qızdırması varsa, valideynlər panikaya düşməməlidir, çünki onların həddindən artıq narahatlığı xəstə uşağın ümumi vəziyyətinə mənfi təsir göstərir”.

Veteninfo.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Hüseyn Qabulov deyib. Onun sözlərinə görə, adətən, uşaqlarda bədən temperaturunun artması orqanizmin hansısa infeksiyaya, əksər hallarda viruslara və ya bakteriyalara verdiyi cavab reaksiyasıdır:

“Uşaqlarda yüksək temperatur kəskin respirator virus infeksiyaları, pnevmoniya və digər xəstəliklərlə müşahidə edilə bilər. Ona görə də, hansı vəziyyətdə temperaturun aşağı salınmasının vacib olduğunu və hansı vəziyyətdə isə gözləməyin mümkün olduğunu fərqləndirmək lazımdır. Qızdırma olduqda uşaq orqanizmi dəri vasitəsilə sürətlə maye itirir. Bədəndə mayenin aşağı düşməsi bütün sistemlərin və orqanların işini əhəmiyyətli dərəcədə çətinləşdirir, eyni zamanda zəhərli birləşmələrin bədəndən kənarlaşdırılması prosesi zəifləyir. Ona görə də, temperatur yüksək olduqda, uşağa kifayət qədər maye içirtmək vacibdir. Körpənin yaşından və onun zövqündən asılı olaraq maye, şirin və qazlı içkilər istisna olmaqla, adi su, qurudulmuş meyvələrin həlimi, meyvə şirələri və s. verilə bilər. Eyni zamanda, maye otaq temperaturunda və ya bir qədər isti olmalıdır. Qusmanı təhrik etməmək üçün maye və ya sulu yemək az porsiyalarla verilməlidir. Bundan əlavə, evdə sağlam mikroiqlim yaratmaq vacibdir. Bu, tənəffüs prosesini normallaşdırmağa və soyuqdəymənin qarşısını almağa kömək edir. Həmçinin körpənin həddindən artıq isti bükülməsi, onun bir neçə ədyal ilə örtülməsi tövsiyə olunmur. Geyimin boş, rahat və təbii parçalardan olması da vacibdir”.

Nazirliyin mütəxəssisi bildirib ki, bədənin istiliyi 38 dərəcədən yüksək deyilsə, hərarəti endirmək tövsiyə edilmir:

“Bununla belə, istisna hallar var. Məsələn, əgər uşağınız daha əvvəl qızdırma ilə bağlı qıcolma keçiribsə, temperaturun bir qədər artması ilə özünü pis hiss edir və ya körpənin xroniki, anadangəlmə və ya qazanılmış xəstəliyi olduğu halda, onun temperaturu aşağı salınmalıdır. Belə hallarda həkimlə məsləhətləşərək, 38 dərəcəyə çatmasını gözləmədən dərhal uşağın temperaturunu normal səviyyəyə endirməyə çalışmaq lazımdır. Əgər uşağın hərarəti 38 dərəcədən yuxarı qalxarsa, həkimə müraciət etməzdən əvvəl ona hərarətsalıcı dərmanlar vermək tövsiyə olunur. Müsbət ilkin nəticə körpənin qızdırmasının bir qədər azalması, onun əhvalının və iştahasının yaxşılaşmasıdır. Hərarətsalıcı bir dərman seçməzdən əvvəl həkimə müraciət etmək vacibdir. Onların hər biri müəyyən şərtlərdə daha təsirli olur. Hər bir vəziyyətdə həmin preparatlardan hansının uşaq üçün məqbul olacağını həkim izah edəcək.

Sonda vurğulamaq istərdim ki, ürək çatışmazlığı, şəkərli diabet, immun sistemi çatışmazlığı, xroniki ağciyər xəstəliyi olan və risk qrupunda olan digər uşaqlara qrip peyvəndi vurulması tövsiyə olunur”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki