“Ölkədə mövcud olan sənaye zonaları üzrə indiyə kimi 89 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Onların 55-i artıq fəaliyyətə başlayıb. Sahibkarlar subyektləri tərəfindən bu günədək sənaye zonalarına 6,2 milyard manatdan çox investisiya yatırılıb və 9 500-dək iş yeri yaradılıb”.
Vətəninfo.az xəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin sədri vəzifəsini icra edən Elşad Nuriyev bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, növbəti mərhələdə mövcud layihələr üzrə sənaye zonalarına əlavə 0,4 milyard manat məbləğində investisiyanın yatırılması və 2 minə yaxın iş yerinin yaradılması nəzərdə tutulur: “Sənaye zonaları üzrə indiyədək ümumilikdə 5 milyard manatlıq məhsul istehsal edilib ki, bunun 1,4 milyard manatı, təxminən 27 %-i ixrac edilib”.
E. Nuriyev bildirdi ki, Sumqayıt Kimya-Sənaye parkına rezidentlər tərəfindən 3 milyard ABŞ dolları həcmində investisiya yatırılıb, 5 700-dək insan işlə təmin edilib. Mövcud layihələr üzrə əlavə olaraq 312 milyon manat investisiyanın qoyulması, 1 300 iş yerinin yaradılması nəzərdə tutulur: “Ümumilikdə Sumqayıt Kimya-Sənaye parkının rezidentləri tərəfindən bu günədək 3,9 milyard manatlıq satış həyata keçirilib, bunun da 1,3 milyard manatlıq hissəsi, təqribən 33 %-i ixracın payına düşür. 2021-ci ilin 9 ayında 892 milyon manatlıq məhsul istehsalı ilə Sumqayıt Kimya-Sənaye parkının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 13,4 %, qeyri-neft sənayesinin məhsullarının ixracında 27,5 % və ya 541 milyon manat olub”.