image-gulerbackend

Erkən nikaha qarşı aparılan marifləndirmə proqramları yetərlidirmi-EKSPERTDƏN MÜNASİBƏT

image-reklam_sirab_01

Son illər Dövlət və qeyri-dövlət təşklatları tərəfindən erkən nikaha qarşı aparılan marifləndirmə proqramlarına baxmayaraq, bu gün də Azərbaycanda erkən nikaha daxil olma halları ciddi sürətdə özünü biruzə verməkdədir.

Qeyd edək ki,erkən nikaha daxil olma hallarına qarşı mübarizə ilə bağlı hətta ölkə qanunvericiliyində belə müxtəlif maddələr mövcuddur. Ekspert Gülər Mübariz Vətəninfo.az-a açıqlamasında bildirib ki, bu gün  158 ölkənin qanunvericiliyinə əsasən nikaha daxil olma yaşı kimi 18 qəbul olunsa da, bu qanunlar əksər hallarda pozulur, çünki erkən nikahların tətbiqi ənənələr və sosial normalarla dəstəklənir. Ekspertin sözlərinə görə erkən nikah öz-özlüyündə bir neçə problemi əks etdirir. Bunların sırasında ölkənin inkişaf səviyyəsi, onun sosial-iqtisadi vəziyyəti, təhsili, insan hüquqlarının inkişafı və s. dayanır: «Azərbaycan Respublikasının qanunvericiliyinə görə, erkən nikah 18 yaşından kiçik oğlanların və qızların (məcburi) ailə qurması və birgə yaşamasıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa (6), həmçinin 1989-cu il tarixli “Uşaq hüquqları haqqında” Konvensiyaya (7) görə, tam fəaliyyət qabiliyyəti olmayan şəxslər uşaq hesab edilir. Belə olan halda uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması hesab olunur. BMT-nin Uşaq Fondunun təklifi ilə Azərbaycan qanunvericiliyində 2011-ci ildən qadınlar üçün nikah yaşı 17-dən 18-ə qaldırılıb. Ümumiyyətlə, 18 yaş uşaqların müdafiəsi baxımından 1989-cu il tarixli “Uşaq hüquqları haqqında” Konvensiyada müəyyənləşdirilmiş son həddir». Gülər Mübariz vurğulayıb ki, Azərbaycanda erkən nikahlar və bunun ailə genefondumuza mümkün təsirləri son illər ictimai diqqət çəkən mövzulardan olub: «Bu aspektdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi BMT-nin Uşaq Fondu ilə birgə “Erkən nikahlar: uşaq hüquqlarının pozulması” ilə bağlı sosial araşdırma aparıb. Bakı, Abşeron, Quba, Lənkəran və Ağstafa bölgələrində Azərbaycanda erkən nikahın qarşısının alınması və ona qarşı tədbirlərlə bağlı qanunvericilikdə, siyasətdə və təcrübədə tələb olunan təkmilləşdirmə üzrə tövsiyələr təqdim olunub. Dövlət Statistika Komitəsi, BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin maddi və texniki dəstəyi ilə birgə ölkənin regionlarının şəhər və kənd yerlərində “Qızların erkən nikaha daxil olması və rəsmi nikahdan kənar doğum hallarının öyrənilməsinə dair” aparılan statistik müayinəyə əsasən, 18 yaşadək erkən nikaha daxil olan qadınların 38,9 faizi şəhər, 61,1 faizi isə kənd yerlərində qeydə alınıb. Erkən nikaha daxil olan qadınların 37,4%-i öz istəyi ilə, 25,9%-i valideynlərinin təzyiqi altında, 10,7%-i ailədə maddi vəziyyətin çətin olmasına görə, 7,9%-i ərinin maddi cəhətdən varlı olmasına görə, 6,4%-i qaçırıldığına və 1,6 %-i hamilə olduğuna görə erkən nikaha daxil olmuşdur. 16 yaşda öz istəyi ilə, 15 yaşda hamilə olduğuna görə erkən nikaha daxil olma hallarının xüsusi çəkisi daha yüksək olmuşdur. Qaçırılma halları 15 və 17 yaşlılar arasında dah çox baş vermişdir. Dövlət Statistika Komitəsinin (DSK) saytında yerləşdirilmiş məlumata əsasən, 

2022-ci il Azərbaycanda yaşı 18-ə çatmayan şəxslər tərəfindən doğulan uşaqların sayı 2011 nəfər təşkil edib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 361 uşaq çoxdur.  Bu dövr ərzində yaşı 18 olmayan və nikaha girən qızların sayı 270 nəfər olub. 2021-ci ildə isə bu say 137 nəfər təşkil edib». Ekspert Gülər Mübariz hesab edir ki, erkən nigaha daxil olmaların qarşısının alınması üçün həm marifləndirici tədbirlər artırılmalı və bunun daha da geniş şəkildə təbliğ olunması üçün başqa tədbirlər də görülməlidir: “Hər bir valideyn övladını öncədən bu baxımdan araşdırmalıdır”mənim övladım bu məsuliyyətli yola hazırdırmı?”Erkən nikahın həm mənəvi,həm də fiziki zərərlərini bilən şüurlu bir valideyn buna yox deməyi bacarmalı və bu yolda mübarizə aparmalıdır.Əks-təqdirdə bütün ola biləcək mənfi hadisələrin arxasında dayanan valideyn bunun üçün dövlət qarşısında cavab verəcəkdir.
Sağlam düşüncə ilk öncə valideyndən başlayır,övlada ötürülür.Övladlarımızı sağlam psixologiya ilə böyüdək,cəmiyyətə sağlam düşüncəli fərd kimi təqdim edək.Gələcəyimizin,hətta bəşərin gələcəyinin övladlarımızın əlində olduğunu unutmayaq.Onlar düzgün tərbiyə olunarsa,həyata baxışı və düşüncəsi sağlam olarsa,onlar da valideyn,həyat yoldaşı olmaq vəzifəsini düzgün yerinə yetirə biləcəklər,nəticədə isə sağlam bir gələcək yetişəcək.Bunun üçün isə təkcə düşünməklə kifayətlənməyib həyata keçirməklə bəzi insanlara biraz kamilləşməyə yardım etməliyik.Azərbaycanımızın gələcəyinin ilk öncə biz valideynlərin əlindən övladlara keçdiyini nəzərə alıb buna uyğun davranmaq hər bir vətəndaşın məsuliyyətli borcudur”.

Zərri

Vətəninfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image