Ermənistanın ABŞ-dakı səfiri Narek Mkrtçyan TRIPP layihəsinin icra vəziyyəti barədə açıqlama verib.
Vətəninfo.az xəbər verir ki, səfir jurnalistlərin suallarını cavablandırarkən layihə üzrə işlərin planlaşdırıldığı kimi sürətlə davam etdiyini bildirib.
“Planlaşdırılan hər şey kifayət qədər sürətlə irəliləyir. Proqramın bir il ərzində nə qədər irəlilədiyinə və əldə olunan nəticələrə nəzər salsaq, bu miqyaslı layihə üçün kifayət qədər əhəmiyyətli irəliləyiş əldə etdiyimizi deyə bilərəm”, – Mkrtçyan qeyd edib.
Onun sözlərinə görə, hazırda layihə çərçivəsində araşdırma aparılır və bu prosesin yaxın 1-2 ay ərzində başa çatması gözlənilir.
Səfir praktik mərhələyə keçidlə bağlı bildirib ki, layihə bir neçə müxtəlif istiqaməti əhatə edir və ilkin tədqiqatların tamamlanması vacibdir.
“Bu, sadə layihə deyil. Təsəvvür edin ki, adi bir binanın tikintisi üçün belə layihə və smeta hazırlamaq nə qədər vaxt aparır. İndi isə bu layihənin nə qədər təbəqəsi və nüansı olduğunu düşünün”, – deyə o bildirib.
Mkrtçyanın sözlərinə görə, araşdırma ABŞ-nin AECOM şirkəti tərəfindən aparılır. Nəticələrin açıqlanmasından və qiymətləndirilməsindən sonra layihənin praktiki icrasına başlanılması planlaşdırılır.
Səfir bildirib ki, TRIPP İnkişaf Şirkətinin qeydiyyatı və ABŞ maliyyə qurumları ilə zəruri razılaşmalar da artıq tamamlanıb.
“İndi layihə yetkinləşib və praktiki icra mərhələsinə keçib. Gələn ilin əvvəlində təməlqoyma mərasimini keçirməyi planlaşdırırıq”, – Mkrtçyan əlavə edib.


























