image-48backend

Gəncədə şəhid Rəşad Şəfiyevin anım mərasimi keçirilib

image-reklam_sirab_01

Gəncə şəhərində Bərdənin raket atəşinə Ermənistan tərəfindən tutulması nəticəsində şəhid olan Fövqəladə Hallar Nazirliyinin (FHN) əsgəri Rəşad Şəfiyevin anım mərasimi keçirilib.

“Report”un Qərb bürosunun məlumatına görə, Gəncə şəhər Şəhidlər xiyabanında baş tutan anım mərasimində nazirlik əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidin yaxınları və yerli sakinlər iştirak ediblər.

Mərhumun məzarı üzərinə gül dəstələri düzülüb, xatirəsi bir dəqiqəlik sükütla yad edilib, ruhuna dualar oxunub.

Mərasimdə FHN-in əsgəri olan və Vətən müharibəsi dövründə axtarış-xilasetmə çalışmalarına qatılan Rəşad Şəfiyevin Gəncə və Bərdədə düşmənin törətdiyi terror hadisələri zamanı dağıntılar olan ərazilərdə göstərdiyi xidmətlərindən bəhs edilib.

Qeyd edək ki, R.Şəfiyev 1991-ci il oktyabrın 13-də Gəncə şəhərində anadan olub. O, 2010-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Nizami rayon şöbəsindən hərbi xidmətə çağrılıb, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət edib, 2019-cu ilin iyul ayından isə FHN-in “N” saylı hərbi hissəsində xidmətə başlayıb.

O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı axtarış-xilasetmə çalışmalarında iştirak edib. Ötən il Ermənistan Silahlı Qüvvələri tərəfindən oktyabrın 4, 5, 8, 11 və 17-də Gəncənin raket atəşinə tutulması zamanı axtarış-xilasetmə əməliyyatlarında məsuliyyətlə iştirak edib. Oktyabrın 27-də Bərdənin raket atəşinə tutulmasından sonra axtarış-xilasetmə əməliyyatlarına qatılıb və oktyabrın 28-də Bərdənin növbəti dəfə raket atəşinə tutulması nəticəsində aldığı yaralardan şəhid olub.

R.Şəfiyev 2020-ci il oktaybrın 29-da Gəncədəki Şəhidlər xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Rəşad Şəfiyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Allah rəhmət etsin!


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki