“Azad olunan bölgələrin yenidən dirçəlişi, inkişaf salnaməsi məhz Prezident İlham Əliyev tərəfindən yazılır. Zəfər Komandanı indi Qurucu Lider kimi Qarabağı və Şərqi Zəngəzuru Qafqazın ən böyük tikinti meydanına, güclü inkişaf ünvanına, möhkəm təhlükəsizlik məkanına çevirir”.
Vətəninfo.az-ın xəbərinə görə, bu fikirləri Azərbaycan Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov rəsmi mətbuata müsahibəsində deyib.
Azərbaycan Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, bu tikinti-quruculuq prosesinin miqyası, dinamikası Azərbaycan dövlətinin gücünü, ən əsası isə Prezident İlham Əliyevin 18 illik fəaliyyət dövrünün nə qədər uğurlu olduğunu göstərir: “Təsəvvürünüzə gətirin, Azərbaycan ağır müharibədən çıxıb. Bu savaşın hər günü dövlət büdcəmizə böyük məbləğdə vəsait hesabına başa gəlib. Ölkəmizin ötənilki hərbi xərcləri milyardlarla manat həcmində olub, bunu hər kəs bilir.
Postsavaş dövründə isə yenə də iki istiqamət üzrə bu işlər intensiv surətdə davam etdirilir. Həm Silahlı Qüvvələrimizin arsenalı daha müasir səviyyədə və çox böyük həcmdə yenilənir, azad olunmuş ərazilərdə, sərhəddə çoxsaylı müvafiq hərbi, müdafiə xarakterli infrastrukturlar yaradılır. Məlum olduğu kimi, indi müdafiə xərcləri əvvəlki illərlə müqayisədə daha da artırılıb. Digər istiqamət isə quruculuq, tikinti məsələləridir ki, onlar da uğurla aparılır.
Dediyim odur ki, müharibədən çıxmış bir ölkə savaşın fəsadlarını aradan qaldırmaq üçün yenə də milyardlarla vəsait xərcləyir. Dünya Azərbaycanın iqtisadi cəhətdən necə güclü dövlət olduğunu elə bu faktlarla görür və bütün bunlar həyata keçirilən siyasətin düzgünlüyünü, islahatların səmərəliliyini göstərir. Aparılan nəhəng quruculuq prosesi Prezident İlham Əliyevin sərkərdəlik qüdrətini, liderlik bacarığını, müdrik idarəçiliyini bir daha təsdiqləyir”.
Prezident Qarabağa və Şərqi Zəngəzura bəzən bir ay ərzində bir neçə dəfə səfər edib: “Qafqazda ilk “ağllı kənd”, “ağıllı şəhər” konsepti məhz işğaldan azad edilmiş ərazilərdə salınır. On aya beynəlxalq hava limanı tikilib, əlavə daha ikisinin də tikintisi sürətlə davam edir.
Xalqımız ötən illər ərzində işğal olunmuş torpaqlarımızın düşməndən azad ediləcəyinə ümidini itirmədi. Bu, onun öz Ümummilli Liderinin uzaqgörən, müdrik siyasətinə, dahi şəxsiyyətinə, onun layiqli davamçısı, qüdrətli rəhbərimiz cənab İlham Əliyevin qətiyyətinə, əzminə, polad iradəsinə, yüksək idarəçilik qabiliyyətinə və yorulmaz fəaliyyətinə inamdan qaynaqlanır. Bu ruh indi tariximizə, irsimizə, milli-mənəvi dəyərlərimizə layiq şəkildə dirçəldilir”.
Qarabağ həm də ötən əsrin 70-80-ci illərində onu yenidən quran, inkişaf etdirən Ulu Öndər Heydər Əliyevin əbədiyaşar xatirəsinə ehtiramla ucaldılır: “Hörmətli Mehriban xanım Əliyevanın böyük fədakarlıqları ilə Ağdamdan Kəlbəcərə, Füzulidən Şuşaya, Tuğdan Azıxa qədər bütün məkanlarda onlarca tarixi, mədəniyyət və mənəviyyat abidələrimiz bərpa olunur, yenidən həyata qaytarılır. Bu baxımdan Prezident İlham Əliyevlə yanaşı, hörmətli Mehriban xanım Əliyevanı da haqlı olaraq Qarabağın və Şərqi Zəngəzurun baş memarları adlandırmaq olar.
Qarabağ və Şərqi Zəngəzur artıq azaddır. Onlar üçün ciddi təhlükə yoxdur. Ancaq bu bölgə elə bir həssaslığa malikdir ki, burada tikilən, qurulan dövlət, sosial, mədəniyyət, iaşə və digər infrastrukturlar həm də təhlükəsizlik sisteminin vacib təməlləridir. Hər bir tikili, hər bir quruculuq işi Azərbaycanın etibarlı təhlükəsizlik tələblərinin normalarına tam cavab verir”.