“İcbari tibbi sığorta sistemində göndərişlərlə bağlı yenilik olacaq”. Modern.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Göndərişlər şöbəsinin müdiri Arif Əkbərov deyib.
A.Əkbərov qeyd edib ki, bu həftə ərzində göndəriş vərəqələrinin verilməsi qaydalarında bəzi dəyişikliklər olacaq:
“Maliyyələşmə ilə bağlı müddəalar qüvvəyə minənədək yalnız stasionar yatış üçün dövlət tibb müəssisələrində göndəriş vərəqəsi tələb olunacaq. Hər hansı ambulator xidmət üçün göndəriş vərəqəsi tələb olunmayacaq. Vətəndaş dövlət tibb müəssisəsində ambulator tibbi xidmət və müayinələrdən göndəriş vərəqəsiz keçə biləcək. Stasionar xidmətə ehtiyac yarandıqda ya müayinə edən həkim və ya ərazi üzrə ilkin səhiyyə xidməti göndərişi təmin edir və göndəriş əsasinda planlı yatış xidmətindən istifadə mümkün olur. Hazırda başqa dəyişikliklər nəzərdə tutulmayıb.
Şöbə müdiri onu da qeyd edib ki, vətəndaş birbaşa göndərişsiz özəl tibb müəssisəsinə müraciət etdikdə və təcili xidmətə ehtiyac olduqda bu halda bizimlə müqaviləsi olan tibb müəssisəsi agentliyin mail ünvanında sorğu yaradır və agentliyin əməkdaşları tərəfindən həmin xidmətlərin dövlət tibb müəssisəsində göstərilməməsi, Xidmətlər Zərfinə daxil olub-olmaması araşdırılacaq:
“Xəstəliyin həqiqətən təcililiyi əsaslandırılanda və bu xidmət dövlət tibb müəssisəsində olmadıqda mail vasitəsilə həmin xəstəyə tibbi xidmətin göstərilməsi uyğun görülür. Amma hər hansı planlı əməliyyat və ya digər planlı xidmətlər üçün vətəndaş özəl tibb müəssisəsinə müraciət etdikdə ona öz şəxsi hesabına xidmətlər göstəriləcək”.