image-photo-2021-12-28-12-57-01backend

Həmrəylik Günü birlik şüarın simvolik günüdür!

image-reklam_sirab_01

31 dekabr – bu gün Azərbayacan xalqının tarixində ən yadda qalan, ən şərəfli günlərdən biri- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür! Bu günün əsası 1989- cu ildə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın Azərbaycan sərhədinin ( SSRİ- İran sərhəddinin) dağıdılması ilə qoyulub. Uzun zaman bir-birinə həsrət qalan Azərbaycan millətinin Arazın hər iki sahilində sərhəd yürüyüşü- Şimali və Azərbaycan arasındakı sərhəd dirəklərini yıxması, o taylı- bu taylı millətin həftələrlə Araz qırağında gecə-gündüz birləşmək şüarı əslində azərbaycanlıların bir millət olduğunu dünya çapında bir daha canlandırmağa və Azərbaycanı bütövləşdirməyə cəhd idi. Həmrəylik günü bu birləşmək istəyinin simvolik nişanıdır. 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya Azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Sonra bu təşəbbüs mərkəzi hakimiyyətin də dəstəyini qazandı və artıq bütün Azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edir. 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirilib. Qurultay soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına təsir göstərib. Bu, ölkənin ictimai-siyasi həyatında yeni bir hərəkat, dövlət siyasətinin yeni bir istiqaməti idi. Həmin qurultayda Ulu Öndərin böyük iftixarla söylədiyi “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamı isə dillər əzbərinə çevrilib. Yorulmaz fəaliyyəti ilə Heydər Əliyev siyasi fəlsəfəsinə, onun liderlik məktəbinə söykənən Prezident İlham Əliyev Ulu Öndərin bu sahədəki xidmətlərini uğurla davam etdirir. Dövlətimizin başçısının “Dünya azərbaycanlılarının II Qurultayının keçirilməsi haqqında” 2006-cı il 8 fevral tarixli Sərəncamına uyğun olaraq, həmin il martın 16-da Bakıda keçirilən növbəti mötəbər toplantı xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində yeni addım olub, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində əhəmiyyətli rol oynayıb. Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. Milli günlər və bayramlar xalqın yaşadığı mühüm hadisələrdən uğurla çıxdıqları günün şәrәfinə qəbul edilir. Millətin, dövlətin, vətənin ölüm-dirim savaşından başı uca, üzü ağ çıxan xalqlar bu qüruru, sevinci xatırlamaq, unutmamaq və gələcək nəsillərə ötürmək üçün o günü bayram olaraq keçirirlər. Bu günlərdə qaranlıqdan aydınlığa çıxışın verdiyi mənəvi zövq və özünə inam hisslərinin bəxş etdiyi xoşbəxtlik hakim olur. Dünya Azәrbaycanlılarının Hәmrәylik günü bizi gecə-gündüz çalışmağa, elmə və müasir texnologiyaya yiyələnməyə, düşmən tapdağı altında olan müqəddəs torpaqlarımızı azad etmәyә, dilimizə vurulan qandalları sındırmağa çağırır. Həmrəylik Günü bizi ayıq olmağa vә torpaqlarımızı yağılardan qorumağa çağırır. Dövlətimizin diaspor siyasəti, həmvətənlərimizin birlik və həmrəyliyinin möhkəmləndirilməsi, onların daha mütəşəkkil formada təşkilatlanması prosesi özünün yeni mərhələsinə qədəm qoyub. Artıq dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, təcavüzkar erməni dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər. Onlar Azərbaycan dövlətinin dəstəyi sayəsində qardaş və dost xalqların lobbi və diasporları ilə səmərəli əməkdaşlığın qurulması sahəsində təsirli tədbirlər həyata keçirir, Azərbaycanın, xalqımızın tarixini yazır və nəsillərdən-nəsillərə ötürürlər. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. 2022-ci ili qarşılayırıq, hәm dә millətimizin varlığının, qüdrətinin mühüm günü olan Dünya Azәrbaycanlılarının Hәmrәylik gününü keçiririk. Yeni il gəlir yeni ümidlər, yeni arzularla. İnşallah, bütün ümidlərimiz və arzularımız çin olsun.
Fəridə Rəhimova- Azərbaycan Dövlət İqtisad Universiteti


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki