Ukrayna və Rusiyanın münaqişəsi artıq dörd il davam edir və bu müddət ərzində müharibə həm taktika, həm də texnologiya baxımından ciddi dəyişikliklərə uğrayıb. Vətəninfo.az xəbər verir ki, bu barədə Ukrayna və dünya hərbi məsələləri üzrə ekspert Mihaylo Jiroxov Ukrayna mediasına müsahibəsində bildirib.
Jiroxov bildirib ki, 2022-ci ildə Rusiya Ukraynaya “Kiyevi üç günə ələ keçirmək” şüarı ilə hücum edərkən, münaqişə tezliklə döyüşlərin uzanması və resursların tükənməsi səviyyəsinə keçib. “Ukraynaya tərəfdaşların maliyyə və hərbi dəstəyi sayəsində Rusiyanın ardıcıl hücumlarını dayandırmaq mümkün olub. Nəticədə Rusiya hələ də Donbası tam ələ keçirə bilmir və danışıqlarda onu təhvil verməyi tələb edir”, – deyə ekspert vurğulayıb.
Ekspert qeyd edib ki, Rusiya müharibəyə əsasən siyasi məqsədlərlə başlayıb və hədəfləri arasında Ukraynanın siyasi hakimiyyətini öz nəzarətinə almaq və ölkəni 2014-cü il öncəsi vəziyyətinə qaytarmaq olub. Hərbi baxımdan isə rusiyalı generallar sovet dövründə istifadə edilən standart taktikaya – hava desantları ilə aerodromların ələ keçirilməsi və sonra ərazilərin nəzarətə alınması planına əsaslanıblar.
Jiroxov həmçinin bildirib ki, Donbasın inzibati sərhədlərinə çıxmaq Rusiya üçün hələ də mümkün olmayıb və danışıqlarda əsas tələb Donbasın Rusiyaya təhvil verilməsi olub.
Ekspertin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin mümkün irəliləyişi yalnız asimmetrik əməliyyatlarla reallaşa bilər. “Ərazi ələ keçirmək və onu müdafiə etmək əvəzinə, qısa reydlər, sürətli hərbi əməliyyatlar daha effektlidir”, – deyə o bildirib.
Jiroxov Rusiyanın enerji infrastrukturu və mülki obyektlərə hücumlarını taktiki addım kimi qiymətləndirib. “Hər iki tərəf düşmənin iqtisadi potensialını zəiflətməyə və daxili narazılığı artırmağa çalışır. Eyni taktikaya İraq-İran müharibəsində də rast gəlinib”, – deyə ekspert qeyd edib.
Ekspert həmçinin dronların və raketlərin istehsal və istifadəsi məsələsinə toxunub. Onun sözlərinə görə, dronlar ucuz və istehsal baxımından sürətlidir, bu səbəbdən Rusiya onlardan daha çox istifadə edir. Raketlərin istehsalı isə həm bahalı, həm də uzunmüddətlidir.
Jiroxov vurğulayıb ki, müharibə texnologiya baxımından da unikal səciyyəyə malikdir: “Bu müharibə ikinci dünya müharibəsindən bəri bir-birinə yaxın iki peşəkar ordunun qarşıdurmasıdır. Ukrayna ordusu indi həm sovet, həm də qərb texnikası ilə döyüşür. Bu, ordumuz üçün həm unikal, həm də mürəkkəb bir sınaqdır”.
Ekspert NATO barədə də sərt fikirlər səsləndirib: “NATO-nu döyüş qabiliyyətli alyans kimi qiymətləndirmək artıq mümkün deyil. Avropa ölkələri kollektiv gücünü tam dəyərləndirmir. Bu, Rusiya üçün strateji üstünlük yaradır”.
Jiroxovun sözlərinə görə, Ukraynanın gələcək potensialı texnologiya və insan resurslarının inkişafından asılıdır və əsas əngəl hal-hazırda Putin rejimidir.


























