Eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malik olan Azərbaycan və Qırğızıstan arasında hər zaman yüksək diplomatik əlaqələrə və keyfiyyətli münasibətlərə şahidlik etmişik. Bunu Qırğız Respublikasının Prezidenti Sadır Japarovun ölkəmizə rəsmi səfəri də bir daha təsdiqlədi. Səfər çərçivəsində imzalanan on sənəd sırasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum xüsusi əhəmiyyətə malikdir. Hər iki sənəd dost və qardaş ölkələr – Azərbaycan və Qırğızıstan arasındakı münasibətlərin xarakterini və formasını əsasən qabaqcadan müəyyən edəcək. Qarşılıqlı fəaliyyətin yüksək səviyyəsi olan strateji tərəfdaşlıq iki ölkəni məhz strateji xarakterli əməkdaşlığa kökləyir. Dövlətlərarası Şura çərçivəsində həm ikitərəfli gündəliyə aid məsələlərin, həm də regional və beynəlxalq problemlərin daha effektli və fəal surətdə müntəzəm müzakirə olunması əməkdaşlığın səmərəliliyini artıran amil kimi qiymətləndirilir.
İki ölkə arasında bütün sahələrdə, o cümlədən nəqliyyat infrastrukturunun və Şərq-Qərb nəqliyyat dəhlizinin daha səmərəli fəaliyyət göstərməsi istiqamətində göstərdikləri səylər göz önündədir. Azərbaycanda yüklərin bütün istiqamətlərə – həm Şimala, həm Cənuba, həm də Qərbə göndərilməsinə imkan verən müasir nəqliyyat infrastrukturu yaradılıb. Azərbaycanın liman infrastrukturunun imkanları Qırğızıstan üçün açıqdır.
Birgə Bəyanatda səsləndirilən çağırışlar sırasında bu məqam da xüsusi qeyd olunur ki, Qırğızıstan iqtisadiyyatının enerji sektoru Azərbaycan şirkətləri üçün maraqlı ola bilər. Azərbaycan şirkətlərinin müasir enerji müəssisələrinin, elektrik stansiyalarının, o cümlədən istilik elektrik stansiyalarının yaradılmasında müəyyən təcrübəsi var. Mövcud istiqamətdə səylərin birləşdirilməsinə və Azərbaycanın investisiya potensialına çox ehtiyac var.
Ölkəmiz ilə Qırğız Respublikasının kənd təsərrüfatı sahəsində perspektiv əməkdaşlığı yüksək dəyərləndirilir. Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti prezidentlərin tapşırıqlarının əməli surətdə yerinə yetirilməsi məqsədilə yerində iş aparmaq üçün yaxın vaxtlarda Qırğızıstana səfər edəcək.
Azərbaycan və qırğız xalqını ortaq mədəni irs və ortaq tarix birləşdirir. Bu baxımdan humanitar sahə dövlətlərarası münasibətlərdə həmişə mühüm yer tutub. Azərbaycanın qədim Şuşa şəhərinin gələn il Türk dünyasının mədəniyyət paytaxtı elan olunması təşəbbüsünü Qırğızıstan dəstəkləmişdir.
Dövlət başçısı İlham Əliyev iki ölkə arasında əlaqələrin müxtəlif istiqamətlərdə inkişafı, səfər çərçivəsində imzalanan sənədlərin fonunda bu əminliyi ifadə etmişdir ki, biz bundan sonra da bütün məsələlərdə bir-birimizi dəstəkləyəcək, əməkdaşlıq edəcək və müvafiq strukturlarımızın fəaliyyətində konkret nəticələrə nail olacağıq.
Metin Hüseynov – politoloq