image-reklam-veteninfo
image-1backend

İki il bağlı olan keçid məntəqəsi yenidən açıldı

image-reklam-veteninfo

İki ildir bağlı olan Rəfah sərhəd keçid məntəqəsi məhdud sayda və yalnız piyadaların hərəkəti üçün yenidən açılıb. Bununla da fələstinlilərin Qəzzadan Misirə və əks istiqamətdə keçidinə qismən icazə verilib.

Vətəninfo.az xəbər verir ki, İsrail təhlükəsizlik mənbələrinin verdiyi məlumata görə, Qəzzanın xarici dünya ilə yeganə çıxış qapısı olan Rəfah sərhəd keçid məntəqəsi Avropa İttifaqının Sərhəd Dəstək Missiyasının (EUBAM) əməkdaşlarının bölgəyə yerləşdirilməsindən sonra hər iki istiqamətdə piyadalar üçün fəaliyyətə başlayıb.

Misirin “Qahirə Əl-İxbariyyə” telekanalının məlumatına əsasən, keçid məntəqəsi rəsmi olaraq açılıb və bu gün 50 fələstinlinin Qəzzaya, 50 fələstinlinin isə Misirə keçəcəyi gözlənilir. İsrail mediası isə bildirib ki, gündəlik olaraq 150 nəfərin Qəzzadan çıxmasına, 50 nəfərin isə geri qayıtmasına icazə veriləcək.

Qeyd olunub ki, Qəzzaya daxil olan və ya ərazini tərk edən şəxslərə yalnız İsrailin icazəsi alındıqdan sonra keçid hüququ veriləcək.

Bununla yanaşı, İsrailin Qəzzada atəşkəs planının mühüm tərkib hissəsi sayılan humanitar yardımların və ağır texnikanın bölgəyə girişinə hələ də mane olduğu bildirilir.

Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi və beynəlxalq təşkilatların məlumatına görə, hazırda 4 mindən çoxu uşaq olmaqla 16 min 500-dən artıq yaralı və xəstə müalicə üçün xaricə çıxmaq növbəsindədir. Tibbi yardımın çatışmazlığı səbəbindən indiyədək mindən çox fələstinlinin həyatını itirdiyi qeyd olunur.

Xatırladaq ki, Qəzza ilə Misir sərhədində yerləşən Rəfah sərhəd keçid məntəqəsi 2024-cü ilin may ayından etibarən İsrailin nəzarəti altındadır və keçid məntəqəsinin özü İsrail tərəfindən işğal edilmiş Qəzza ərazisində yerləşir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki