İlham Əliyev : “Azərbaycan güclü dövlətdir və onun güclü ordusu var”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev azərbaycanlı olmasıyla həmişə qürurlanan, çağdaş Azərbaycan dövlətçiliyinin memarı olan dahi şəxsiyyət Heydər Əliyevin ordu quruculuğu siyasətini də uğurla davam etdirdi, Azərbaycan Ordusu ən müasir, yeni texnikalarla, qurğularla təchiz olundu, hərbi təhsil sistemi bu baxımdan təkmilləşdirildi. Ulu Öndərin sərəncamı ilə yaradılmış Ali Təyyarəçilik Məktəbində hazırlanan yüksək ixtisaslı hərbi pilotlar ən müasir döyüş təyyarələrini, döyüş helikopterlərini məharətlə idarə edir. Bu, 2016-cı ilin Aprel döyüşlərində də, 2018-ci ildə Azərbaycan Ordusunun yaranmasının və Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr olunan paradlarda da təsdiqləndi.
Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan Respublikasını Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan etmişdi. Müstəqil Azərbaycan Respublikasının ordusu Azərbaycan Xalq Cümhuriyyətinin ordusunun varisi kimi formalaşdı, gücləndi, nəinki Cənubi Qafqazda, dünya miqyasında da ən güclü ordulardan biri oldu.
Dövlətin müstəqilliyi onun ordusunun gücündən bilavasitə asılıdır. Ordunun gücü dövlətin iqtisadiyyatıyla, dövlətin gücü ordunun qüdrətiylə, qüdrəti gücüylə müəyyənləşdirilir. Ordu iqtisadiyyatı dinamik inkişafda olan dövlət üçün prioritetdirsə, güclü olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fəxrlə bildirir: “Azərbaycan güclü dövlətdir və onun güclü ordusu var”.
Hələ Türkiyə hərbi qüvvələri Azərbaycanda olarkən başlamış ordu quruculuğunu yenidən canlandırmaq və onu daha səmərəli aparmaq üçün 1918-ci il oktyabrın 23-də respublika hökumətinin iclasında Hərbi Nazirliyin yaradılması qərara alındı. Nazirlər Şurası tərəfindən belə bir qərar 1918-ci il noyabrın 1-də imzalandı. Yeni şəraitdə Azərbaycanın ərazi bütövlüyünün qorunması tamamilə Hərbi Nazirliyin üzərinə düşməli idi. Bu struktur hökumətin qarşısında dayanan tarixi vəzifələrin həllində çox mühüm rol oynadığından ona rəhbərliyi ilk vaxtlar Nazirlər Şurasının sədri Fətəli Xan Xoyski öz üzərinə götürdü. Tam artilleriya generalı Səməd bəy Mehmandarov nazir müavini təyin edildi və nazirliyin formalaşdırılması ona tapşırıldı. Cəmiyyət quruculuğunun bütün sahələrində olduğu kimi, ordu quruculuğunun da özünəməxsus obyektiv qanunauyğunluqları vardır və bu qanunauyğunluqlara riayət edilməməsi ordunun formalaşdırılmasında ciddi çətinlik yarada bilər. Bütün dövrlərdə, bütün ordular üçün ümumi olan qanunauyğunluqlar, eyni zamanda, milli ənənələrdən, xalqın mənəvi potensialından, ölkənin iqtisadi, siyasi, demoqrafik imkanlarından, coğrafi vəziyyətindən və s. İrəli gələn xüsusiyyətləri də əhatə edir. Ordu quruculuğu üçün ümumi cəhətlər çoxluq təşkil etsə də, hər bir ölkədə bu prosesin həmin ölkəyə xas olan xarakterik xüsusiyyətləri də vardır. Azərbaycan Xalq Ordusunun qısa vaxt ərzində formalaşdırılmasının əsas səbəblərindən biri də bu idi ki, həmin prosesə rəhbərlik edən şəxslər ümumi nəzəri dəyərlər və əldə olan təcrübə ilə ordu quruculuğunun Azərbaycan şəraitindən irəli gələn xüsusiyyətlərini çox incəliklə və üzvi şəkildə birləşdirə bilmişdi. Hərbi Nazirlik bərpa edildikdən sonra bu istiqamətdə müəyyən çətinliklər də mövcud idi. Bir tərəfdən türk qoşunları Azərbaycanı yenicə tərk edirdilər. Cümhuriyyət ordusu quruculuğunun ilkin mərhələsi türk hərbçilərinin rəhbərliyi altında aparıldığından ordu daxilində onların dəst-xətti qalmaqda idi. Digər tərəfdən Cümhuriyyət ordusunda xidmət edən yüksək rütbəli zabitlərin, demək olar ki, hamısı xidməti çar ordusu sıralarında keçmişdilər və rus ordusunun ənənələri ruhunda tərbiyə olunmuşdular. Cümhuriyyət ordusunun milli dəyərlər üzərində formalaşdırılması üçün, ilk növbədə, bu təsirlərin Azərbaycan şəraitinə uyğun gəlməyən tərəfləri aradan qaldırılmalı idi. Həmin problem Hərbi Nazirliyin mövcud olduğu təxminən ilyarım ərzində ardıcıl olaraq həll edildi. Ordu quruculuğuna türk və rus təcrübəsinin güclü təsirə malik olmasına baxmayaraq, Azərbaycanda milli zəminə söykənən bir ordu formalaşdırıldı və proseslərin sonrakı inkişafı da qonşu dövlətlərin ordu quruculuğu təcrübəsinin kor-koranə təkrarlanmamasının doğruluğunu təsdiqlədi.1918–1920-ci illərdə Azərbaycanda ordu quruculuğunun başlıca aspektlərindən biri bu fəaliyyət sahəsinin dövlət quruculuğunun mərkəzində dayanması idi.
Müstəqilliyin qorunması üçün düzgün seçilmiş siyasi-strateji xətt ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə real zəmin yaratmışdı. Hərbi quruculuq məsələləri yeni cəmiyyət quruculuğunun bütün sahələri ilə sıx şəkildə tənzimlənir, bütün imkanların Azərbaycanın ərazi bütövlüyünün qorunmasına səfərbər olunması üçün təxirəsalınmaz və qəti addımlar atılırdı
Nəsimi rayon təhsil işçisi
Əhmədova Cavahir