Media orqanları İranın Kiprdə yerləşən Böyük Britaniyaya məxsus hərbi hava bazasına, eləcə də Türkiyədəki ABŞ bazalarına hücum etdiyini iddia edir.
“Daily Mail” nəşrinin yazdığına görə, hadisə Böyük Britaniyanın baş naziri Keir Starmerin ABŞ-a Kiprdəki bazadan İranın raket obyektlərinə qarşı “müdafiə” zərbələri endirməyə icazə verməsindən qısa müddət sonra baş verib.
Məlumata əsasən, gecə saatlarında Limassol şəhəri yaxınlığında yerləşən Royal Air Force-a məxsus aviabazada partlayış qeydə alınıb. Hadisə ilə əlaqədar hərbçilərə dərhal sığınacaqlara çəkilmək və əlavə göstərişləri gözləmək tapşırılıb.
“Cyprus Mail” nəşri isə İran pilotsuz uçuş aparatının bazaya hücum etdiyini yazır. Təsdiqlənməmiş məlumatlara görə, hücumda “Şahed-136” tipli PUA-dan istifadə oluna bilər.
Böyük Britaniyanın Müdafiə Nazirliyi Kiprdəki aviabazaya pilotsuz aparat hücumu edildiyini təsdiqləyib və obyektdə təhlükəsizlik tədbirlərinin gücləndirildiyini bildirib. BBC-nin yaydığı məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.
Bununla yanaşı, Türkiyə mediası İranın İncirlik Hava Bazasına da hücum etdiyini iddia edib. Lakin bu məlumat hələlik rəsmi şəkildə təsdiqlənməyib.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrailin İrana qarşı hava zərbələri endirdiyi bildirilmişdi. ABŞ Prezidenti bu zərbələrin İranı nüvə proqramı ilə bağlı danışıqlara məcbur etmək məqsədi daşıdığını açıqlamışdı.
Bu gün isə İranın Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Laricani ölkəsinin Vaşinqtonla danışıqlar aparmaq niyyətində olmadığını bəyan edib.


























