Medianın məlumatına görə, İran Yaxın Şərqdə ən böyük və ən müxtəlif raket arsenalına malikdir. Orada minlərlə ballistik və kruiz raketi mövcuddur və onların bir qismi İsrail və Şərqi Avropadakı hədəfləri vura biləcək qabiliyyətə malikdir.
MissileThreat-in məlumatına görə, son on ildə İran raketlərinin dəqiqliyi və ölümcüllüyünü artırmaq üçün böyük sərmayələr qoyub. Bu inkişaflar İranın raket qüvvələrini ABŞ və regional tərəfdaşları üçün real təhlükəyə çevirib.
Hazırda İran ABŞ-ı vura biləcək raketi sınaqdan keçirməyib və ya yerləşdirməyib, lakin kosmik buraxılış proqramı çərçivəsində daha uzaqmənzilli raket texnologiyalarını təkmilləşdirməyə davam edir.
Məlumatda bildirilir ki, daha kiçik raketlər 500–700 kilometr məsafədəki hədəfləri vurmaq qabiliyyətinə malikdir, Sejjil, Xorrəmşəhr və Qədr raketləri isə 2000–2500 kilometrə qədər mənzil qət edə bilər. Bəzi təkmilləşdirilmiş Sejjil variantları isə 3000–4000 kilometr məsafəni qət edə bilir. Bu da o deməkdir ki, İranın bəzi raketləri hətta Şərqi Avropadakı hədəflərə çata bilər.
Bundan əlavə, İran uzun müddətdir Yəmənin Husi üsyançılarını, İraqdakı şiə milislərini, Livandakı Hizbullahı, Fələstin ərazilərini və digər tərəfdaşlarını ballistik və kruiz raketlər, uzaqmənzilli pilotsuz uçuş aparatları (PUA) və digər silahlarla təchiz edir. Son dövrlərdə Rusiyaya da Şahed-131 və Şahed-136 PUA-lar təqdim olunub, hansı ki, Ukraynadakı əməliyyatlarda istifadə olunur.
Qeyd olunur ki, İran 2017-ci ildən etibarən Yaxın Şərqdə çoxsaylı düşmənlərinə qarşı döyüş əməliyyatlarında raket qüvvələrindən aktiv şəkildə istifadə edir.
İran həmçinin Kiprdəki Britaniya bazasına Mohajer-10 tipli PUA göndərib; bu aparat 2000 km mənzil qət edə bilir və 300 kiloqram yük daşımaqla 24 saata qədər havada qala bilir.


























