image-photo-2021-11-29-17-01-37-1backend

İşğal olunmuş ərazilər 30 il ərzində rəsmi İrəvan tərəfindən vandalizmə məruz qalmışlar.

image-reklam_sirab_01

Bəşəriyyət üçün ən ağır və ən dəhşətli dövr müharibələr, istilalar dövrüdür. Azərbaycan xalqı bu dövrü keçən əsrin sonlarında bir daha yaşadı. Xalqımızın tarixinə qanlı hadisələr, faciələr, misli görünməmiş soyqırımı yazıldı. Qəsbkar, mənfur erməni separatçıları Azərbaycanın əzəli və əbədi torpaqlarına göz dikdi və burada “ikinci erməni dövləti” yaratmaq xülyası ilə torpaqlarımızın 20 faizdən çox hissəsi zəbt edildi, ərazi bütövlüyümüz pozuldu, soydaşlarımız yurd-yuvalarından didərgin düşdü. Nifrətin ən ifrat təzahürlərini özündə yaşadan ermənilər sadəcə ermənilərdən ibarət bir dövlət yaradaraq özlərindən başqa heç bir millətin yaşamadığı Ermənistanda dövlət səviyyəsində mütəmadi olaraq etnik təmizləmələr aparmışlar. Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən təcavüzkar əməllərin qurbanları isə təkcə ölkə vətəndaşları deyil, həm də yaşı min illərə söykənən tarixi-mədəni abidələrimiz olmuşdur. 30 il ərzində ermənilər bizə məxsus olan tarixi abidələri, ziyarətgah və məscidləri, məzarlıqları dağıtmış, yüzlərlə mədəniyyət abidələrimizi yerlə-yeksan etmiş, Azərbaycan Respublikasına məxsus tarixi abidələrin adlarını dəyişdirib özününküləşdirmiş, tanınmış Azərbaycan ziyalılarının, şair və yazıçıların ev-muzeylərinin yerləşdiyi tarixi binaları tamamilə məhv etmiş, işğal etdiyi Azərbaycan ərazilərində mədəni irsin məhv edilməsinə və saxtalaşdırılmasına yönələn, beynəlxalq konvensiyalarda bəşəri cinayət hesab edilən əməllər törətmişlər. Bu əməllər isə ümumilikdə insanlığa qarşı mənəvi soyqırımı, dünya mədəniyyətinə qarşı vandalizm hesab olunur. Azərbaycan xalqı özünün tarixi, maddi-mədəniyyət abidələri ilə bütün dünyada tanınır. Humanizmdən, ədalətdən, beynəlxalq hüquqdan xəbərsiz olan mənfur ermənilər barbar davranışları ilə işğal olunmuş torpaqlarımızda mədəniyyətimizi, dövlətçilik ənənələrimizi yaşadan çoxlu sayda tarixi abidələrimizi məhv etmiş, qədim memarlıq sənəti nümunələrimizi dağıtmışlar. Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində törətdiyi vandalizm aktlarının başlıca istiqamətlərindən biri də mədəni irsimizə qarşı yönəlmişdir. İşğalçı dövlətin abidələrimizə münasibətdə həyata keçirdiyi vəhşiliyin əsas məqsədi Azərbaycan xalqının əsrlər boyu yaratdığı tarixi, mədəni irsi yer üzündən silmək olmuşdur. Uzun illər işğal altında qalmış, erməniləşdirilməyə və dağıntılara məruz qoyulan daşınmaz tarix-mədəniyyət abidələrimizin vəziyyəti bütün dünyaya bəllidir. İşğalçı Ermənistan tərəfindən əzəli torpaqlarımızdakı İslam mədəniyyəti abidələri tamamilə məhv edilib və ya erməniləşdirilib. Azərbaycanın işğaldan azad olunmuş rayonlarında təşkil edilən monitorinqlər zamanı bu ərazilərdə kitabxanalar, mədəniyyət evləri, mədəniyyət mərkəzləri, klublar, muzeylər, uşaq musiqi məktəbləri və s. Mədəniyyət obyektlərinin qeydiyyatı aparılıb və onların hamısının tamamilə dağıdılmış vəziyyətdə olduğu müəyyən edilib. İşğaldan azad olunmuş ərazilərdə dövlət qeydiyyatına alınmış 706 tarix və mədəniyyət abidəsi var. Bu abidələrdən 6-sı dünya əhəmiyyətli memarlıq, 5-i dünya əhəmiyyətli arxeoloji, 119-u ölkə əhəmiyyətli memarlıq, 121-i ölkə əhəmiyyətli arxeoloji, 393-ü yerli əhəmiyyətli memarlıq, 23-ü yerli əhəmiyyətli bağ-park, monumental və xatirə, 22-si yerli əhəmiyyətli arxeoloji abidələr, 17-si dekorativ-tətbiqi sənət nümunələridir.Müharibə gedən ölkədə dağıntılar, itkilər mütləqdir. Lakin ermənilər işğal etdiyi Azərbaycan torpaqlarında maddi və mədəni dəyərlərimizi, tarixi abidələrimizi bilərəkdən və kortəbii şəkildə məhv etmişlər. Bu addımı atanların isə bir adı var: “vandal”. Erməni vandalları törətdikləri hərəkətlərə görə isə yalnız beynəlxalq hüquqi müstəvidə deyil, həm də tarix qarşısında da cavab verməli olacaqlar.

 

 

                                                                                                                        Nəsimi Rayon Gənci: Yusubova Təravət 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki