image-reklam-veteninfo
image-naxcivan-jpgbackend

Beş uşaqlı ana sosial yardımsız qaldı:  – Məmurlar bu ailənin səsini niyə eşitmir?  

image-reklam-veteninfo

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Düdəngə kəndində yaşayan, beş uşaq anası Simuzər Vəliyeva sosial müavinətinin dayandırılmasından şikayətçidir. Ailə başçısını itirdiyini bildirən qadın bildirir  ki, ağır maddi vəziyyətdə yaşamasına baxmayaraq, ona müxtəlif bəhanələrlə sosial yardım təyin olunmur.

Simuzər Vəliyeva bu barədə “Gündəlik Naxçıvan”a danışarkən bildirib ki, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi onun müraciətlərinə lazımi diqqət göstərmir.

Şikayətçinin sözlərinə görə, beş məktəbli uşağın qayğısını təkbaşına çəkməkdə çətinlik çəkir və ailənin maddi vəziyyəti getdikcə ağırlaşır.

“Mən dövlətimdən kömək istəyirəm. Buradakı məmurlar bizim səsimizi eşitmir. Problemlərim həll olunmasa, uşaqlarımı götürüb İcra Hakimiyyətinin qarşısına gedəcəyəm. Biz nə edək, özümüzü yandıraq ki, problemlərimiz həll olunsun?” – deyə Simuzər Vəliyeva bildirib.

Simuzər Vəliyeva sosial yardımının dayandırılmasını nazir Fərid Bağırzadənin rəhbərlik etdiyi qurumun qərarı ilə əlaqələndirir. Onun sözlərinə  görə, ailənin yaşayış şəraiti və maddi imkanları nəzərə alınmadan yardımdan məhrum edilməsi ilə bağlı qərar verilib.

Şikayətçinin sözlərinə görə, sosial işçilər evə baxış zamanı həyətində iki toyuğun olmasını yardımın dayandırılmasına əsas kimi göstəriblər. Halbuki ailənin yaşadığı evin ağır vəziyyətdə olduğu, su və rütubət probleminin mövcudluğu bildirilir.

Əgər bu iddialar təsdiqini taparsa, sosial müdafiə sistemində ehtiyac meyarlarının müəyyənləşdirilməsi və qərarların verilməsi ilə bağlı ciddi suallar yaranır. Çünki sosial yardımın əsas məqsədi məhz aztəminatlı və çətin vəziyyətdə olan ailələrin müdafiəsidir.

Diqqətçəkən məqam odur ki, beş uşağın saxlanılması üçün dövlət dəstəyinə ehtiyac duyduğunu bildirən bir ana probleminin həlli üçün ölkə rəhbərliyinə müraciət etmək məcburiyyətində qaldığını deyir.

Digər tərəfdən, nazir Fərid Bağırzadənin rəhbərlik etdiyi qurumun ictimaiyyətlə əlaqələri və təbliğat fəaliyyəti də müzakirə mövzusudur. Şikayətçi və  yerli sakinlər bildirir ki, nazirliyin media nümayəndələri ilə təşkil etdiyi görüşlər və çəkilişlər fonunda vətəndaşların sosial problemlərinin həlli məsələsi diqqətdən kənarda qalır.

Əlbəttə, hər hansı qurumun ictimaiyyətlə əlaqələr qurması normaldır. Lakin əsas məsələ həmin qurumun birbaşa vəzifəsini – ehtiyacı olan insanların sosial müdafiəsini nə dərəcədə təmin etməsidir.

Simuzər Vəliyevanın müraciəti bir ailənin sosial yardım problemi olmaqla yanaşı, sosial müdafiə mexanizmlərinin nə dərəcədə ədalətli və şəffaf işləməsi məsələsini də gündəmə gətirir.

Beş uşağı təkbaşına böyütməyə çalışan bir ananın dövlət dəstəyindən məhrum qalması ilə bağlı iddialar aidiyyəti qurumlar tərəfindən araşdırılmalıdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini məsələ ilə bağlı açıqlama verməyə, ailənin vəziyyətinin yenidən araşdırılmasına və qanunvericiliyə uyğun qərar qəbul etməyə çağırırıq.

Beş uşaqlı bir ailənin taleyi bürokratik maneələr arasında itib-batmamalıdır.

Vətəninfo.az qarşı tərəfin mövqeyini dərc etməyə hazırdır.

 




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki