image-kamalbackend

Kamaləddin Qafarov: “ABŞ-nin mövqeyi dövlətimizin geosiyasi nüfuzunun təsdiqidir”

image-reklam_sirab_01

“ABŞ Prezidenti Co Baydenin Azərbaycanın dövlət başçısına Müstəqillik Günü münasibətilə ünvanladığı təbrik məktubunda iki ölkə arasında əməkdaşlığa sadiqliyin xüsusi olaraq vurğulanması ölkəmizə verilən böyük dəyərin ifadəsidir. C.Bayden məktubunda bir sıra vacib məqamlara toxunub və həmin məsələlər Vaşinqtonla Bakı arasındakı qarşılıqlı münasibətlərin bundan sonrakı inkişaf istiqamətlərini müəyyən edir. Eyni zamanda, Ağ Ev hazırda yaşanan proseslərdə rəsmi Bakının oynadığı rolun da önəmini anladığını və buna böyük qiymət verdiyini vurğulayıb.”

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov söyləyib.

Millət vəkili demişdir: “Prezident Baydenin bu yanaşması bir daha təsdiq edir ki, Birləşmiş Ştatlar Azərbaycanın sülh, əməkdaşlıq, təhlükəsizlik və tərəqqiyə verdiyi töhfələri yüksək dəyərləndirir və hazırda bəşəriyyət üçün həyati əhəmiyyət kəsb edən bu istiqamətlərdə Vaşinqton-Bakı əlaqələrinin genişləndirilməsi üçün geniş imkanlar var. Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardım yüksək qiymətləndirilməklə bərabər, indiki qlobal qeyri-sabitlik dönəmində Amerika Birləşmiş Ştatları Azərbaycanın müstəqilliyi və suverenliyinə, eyni zamanda qlobal terrorizmə qarşı mübarizədə öz dəstəyini bir daha təsdiq edir. Məktubda qarşıdan gələn dövrdə ABŞ-ın ölkəmizlə daha sıx əməkdaşlıqda maraqlı olmasının ifadə edilməsi, iki dövlət arasında Bakı-Vaşinqton əlaqələri üçün ənənəvi olmayan digər istiqamətlərdə də münasibətlərin dərinləşdirəcəyinə inam yaradır.

Co Baydenin məktubunda yer alan strateji məsələlər, o cümlədən regional barışığın əldə olunması ilə bağlı məqam Azərbaycanın regionda yaratdığı reallıqların qlobal miqyasda qəbul olunduğunu, ölkəmizin suveren hüquqlarına hörmət bəslənildiyini, həmçinin Azərbaycan-Ermənistan münasibətlərinin normalaşması, davamlı sülhün əldə olunması prosesinə məhz mövcud reallıqlar çərçivəsindən yanaşıldığını təsdiqləyir.

ABŞ Prezidenti Co Baydenin məktubunu və bu məktubda qarşılıqlı əməkdaşlığın inkişafına böyük önəm verildiyini də nəzərə alsaq, ölkəmizin regional, subregional və qlobal proseslərdəki rolunun bundan sonra da artacağını, Azərbaycanın Cənubi Qafqazda və daha geniş arealda sülhün, təhlükəsizliyin və qarşılıqlı faydalı əməkdaşlığın istinad nöqtəsinə çevriləcəyini, mübaliğəyə yol vermədən söyləmək mümkündür.”

K.Qafarovun fikrincə, Azərbaycanın dünyada baş verən kəskin, ziddiyyətli dəyşikliklər fonunda özünün qlobal öhdəliklərinə sadiq qaldığını sözdə deyil, əməldə nümayiş etdirməsi, sülh və təhlükəsizliyin təmin edilməsi istiqamətində yürütdüyü çevik siyasət, dünyanın aparıcı dövlətləri, o cümlədən ABŞ kimi supergüc tərəfindən də yüksək qiymətləndirilir.

Millət vəkili demişdir: “Bu gün Azərbaycan sülhün, əmin-amanlığın, təhlükəsizliyin və humanizm dəyərlərinin keşiyində dayanan dövlətlərdən biri kimi daha ədalətli dünya naminə səylərini əsirgəmir, uzun illərdən bəri yalnız bəşəriyyətin işıqlı, xoşbəxt gələcəyinə, tolerantlığın təşviqinə, dialoqa, dinc və firavan birgəyaşayışa xidmət edən siyasət yürüdür. Birləşmiş Ştatların mövqeyi əhəmiyyətli dərəcədə Azərbaycanın dövlət başçısının yürütdüyü siyasətə verilən önəm, həmin siyasətin gücünün və xüsusilə də onun geosiyasi nüfuzunun etirafı ilə bağlıdır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image