image-24backend

Kamil Əliyevin 100 illik yubileyi qeyd ediləcək

image-reklam_sirab_01

Prezident İlham Əliyev Kamil Əliyevin 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Modern.az xəbər verir ki, sərəncam Azərbaycan xalçaçılığı və dekorativ-tətbiqi sənəti ənənələrinin qorunub saxlanılmasında və yeni inkişaf mərhələsinə yüksəldilməsində görkəmli xalçaçı-rəssam Kamil Əliyevin təqdirəlayiq xidmətləri nəzərə alınaraq imzalanıb. Mədəniyyət Nazirliyinə, Azərbaycan Rəssamlar İttifaqının təkliflərini nəzərə almaqla, Xalq rəssamı Kamil Əliyevin 100 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirmək, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Sərəncamda qeyd edilib ki, 2021-ci ildə Azərbaycan xalça rəssamlığı sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı, professor Kamil Müseyib oğlu Əliyevin anadan olmasının 100 illiyi tamam olur.

Kamil Əliyev bütün ömrünü xalqımızın mədəniyyəti tarixində müstəsna yer tutan xalçaçılıq sənətinin parlaq ənənələrinin yaşadılmasına və inkişafına sərf etmişdir. Fitri istedada malik rəssam milli naxış elementlərindən uğurla bəhrələnərək rəngarəng dekorativ motivlər yaratmış, Azərbaycan xalçaçılığı və tətbiqi sənətini daim yeni ornamentlərlə zənginləşdirmişdir. Kompozisiya özünəməxsusluğu, rəng ahəngdarlığı və süjet əlvanlığı rəssamın Azərbaycan xalçaçılıq məktəblərinin xüsusiyyətlərini özündə cəmləşdirən çeşnilər əsasında toxunmuş xalçalarının başlıca səciyyəvi cəhətləridir. Onun qüdrətli söz dühalarına, görkəmli siyasi xadimlərə həsr olunan və yüksək professionallığı, bədii-estetik mükəmməlliyi ilə seçilən portret-xalçaları incəsənətimizin qızıl fondunun qiymətli nümunələrindəndir. Kamil Əliyevin əsərləri dünyanın mötəbər muzey, qalereya və sərgi salonlarında dəfələrlə nümayiş etdirilmişdir. Böyük sənətkar xalçaçı kadrların hazırlanması işinə mühüm töhfələr vermişdir.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki