image-reklam-veteninfo
image-defaultbackend

NATO-nun baş katibi: Putini Ukraynadakı müharibəyə son qoymağa yalnız Tramp məcbur edə bilər

image-reklam-veteninfo

NATO-nun baş katibi Mark Rutte Almaniyanın Bild qəzetinə müsahibəsində bildirib ki, Rusiya prezidenti Vladimir Putini Ukraynadakı müharibəni dayandırmağa yalnız ABŞ prezidenti Donald Tramp məcbur edə bilər.
Ruttenin sözlərinə görə, Tramp bu münaqişəyə son qoymağa “tam diqqət yetirib” və Putini danışıqlar masasına oturmağa vadar edə biləcək yeganə liderdir. “O, Ukraynadakı müharibəyə son qoymaq istəyir. Sonda Putini sülhə məcbur edə biləcək yeganə şəxs də odur”, – NATO-nun baş katibi qeyd edib.
Rutte eyni zamanda vurğulayıb ki, sülhə nail olmaq üçün güzəştlər qaçılmazdır. “Sülh müqavilələrində həmişə belə olur”, – deyə o bildirib, lakin hansı tərəfin güzəştə getməli olduğunu açıqlamayıb.
NATO-nun baş katibi Donald Trampın rəhbərliyi altında ABŞ-ın Ukraynaya dəstəyini dayandıra biləcəyi ilə bağlı narahatlıqlarla razılaşmadığını deyib. Onun sözlərinə görə, Tramp ABŞ-ın NATO qarşısındakı öhdəliklərini qoruyacaq və Avropa ölkələri Rusiyanın mümkün hücumu halında təkbaşına Moskva ilə üz-üzə qalmayacaqlar.
Rutte Qərbin Ukrayna üçün təhlükəsizlik zəmanətlərini həlledici amil adlandırıb və Rusiyanı yeni hücumdan çəkindirə biləcək üç əsas səviyyəni sadalayıb. Birinci səviyyə Ukrayna Silahlı Qüvvələrinin güclü və yüksək hazırlıq vəziyyətində olmasıdır. İkinci səviyyə Fransa və Böyük Britaniyanın rəhbərliyi altında Almaniya və digər ölkələrin iştirakı ilə formalaşdırılan “könüllülər koalisiyasıdır”. Üçüncü səviyyə isə ABŞ-ın iştirakı ilə təmin edilən təhlükəsizlik zəmanətləridir.
NATO-nun baş katibi vurğulayıb ki, bu mexanizm “Minsk-2 və ya hipotetik Minsk-3” kimi razılaşmalardan fərqlidir və real, güclü təhlükəsizlik zəmanətlərini nəzərdə tutur.
Rutte həmçinin bir sıra Avropa ölkələrinin Ukraynaya sülhməramlı qüvvələr göndərməyə razılaşdığını xatırladıb. Onun sözlərinə görə, hazırda Kiyevin müttəfiqləri “könüllülər koalisiyası”nın konkret konsepsiyası üzərində – qoşunların yerləşdirilməsi, eləcə də quruda, dənizdə və havada əməliyyatların təşkili ilə bağlı müzakirələr aparırlar.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki