İsrailin Baş naziri Benyamin Netanyahu Dubaydan Təl-Əvivə uçan “Flydubai” təyyarəsində baş verən bıçaqlı hücumda İranın mümkün roluna dair açıqlama verib.
Vətəninfo.az xəbər verir ki, BBC-nin məlumatına görə, uçuş zamanı pilotlardan biri digərinə bıçaqla hücum edərək təyyarəyə nəzarəti ələ keçirməyə çalışıb. Sərnişinlər və ekipaj üzvləri müdaxilə edərək hücumçunu zərərsizləşdiriblər.
Hadisədən sonra təyyarə Səudiyyə Ərəbistanına eniş edib. Hücuma məruz qalan Hindistan vətəndaşı Smit Maççarın vəziyyətinin stabil olduğu və xəstəxanada müalicə aldığı bildirilir.
Netanyahudan hadisənin arxasında İranın olub-olmadığı soruşulduqda o, “Hələ tezdir” cavabını verib.
İsrailin baş naziri bildirib ki, hücumda şübhəli bilinən şəxs hazırda Səudiyyə Ərəbistanındadır və orada dindirilir.
Hadisənin motivi, eləcə də İranla hər hansı əlaqəsinin olub-olmadığı hələlik müəyyən edilməyib. İnsidentlə bağlı araşdırma davam edir.


























