İsrail rəsmiləri ABŞ-nin İrana hücumuna üstünlük verdiklərini, lakin bunun baş verməməsi halında “nəticələrin” olacağını iddia edirlər.
Vətəninfo.az xəbər verir ki, Baş nazir Benyamin Netanyahu bu yaxınlarda ABŞ-dən qayıdan Ordu Baş Qərargah rəisi Eyal Zamir də daxil olmaqla, yüksək vəzifəli şəxslərin qatıldığı təhlükəsizlik iclası keçirib.
İsrail dövlət televiziyası KAN yanarın 1-də Mossad rəhbəri David Barneanın da iclasda iştirak etdiyini bildirib.
Zamirin aşkarlanmamaq üçün hərbi təyyarə əvəzinə ABŞ-yə şəxsi təyyarə ilə getdiyi və Vaşinqtonu İrana hücum etməyə inandırmağa çalışdığı bildirilib.
Adlarının açıqlanmaması şərti ilə “Reuters” xəbər agentliyinə açıqlama verən iki ABŞ rəsmisi İranla artan gərginlik fonunda yanvarın 31-də Pentaqonda yüksək vəzifəli ABŞ və İsrail generallarının görüşdüyünü bildiriblər.
Rəsmilər ABŞ-nin Birgə Qərargah Rəisləri Komitəsinin sədri Dan Keyn və Zamir arasında qapalı görüşün təfərrüatlarını paylaşmayıblar.
ABŞ Donald Trampın İrana qarşı təkrarlanan təhdidlərindən sonra, Yaxın Şərqdəki dəniz qüvvələrini artırır və hava hücumundan müdafiəni gücləndirir, məqsədi İranı danışıqlar masasına gətirməkdir.
Lakin İran hökuməti ABŞ-nin hücumunun regional münaqişəyə səbəb olacağı barədə xəbərdarlıq edib.
Zamirin proqnozu
Yerli medianın məlumatına görə, Zamir ABŞ-nin iki həftə ilə iki ay ərzində İrana hərbi hücum edəcəyini proqnozlaşdırır.
Ordu Radiosu vəziyyətin qiymətləndirilməsi iclasında Zamirin “Bu, qeyri-müəyyənlik dövrüdür” dediyini sitat gətirib.
Zamir ABŞ-nin Tehrana hücumunun “iki həftə ya da iki ay ərzində” baş verəcəyinə inandığını bildirib.
Radio ABŞ-nin Tehrana hücumunun yaxın bir neçə gündə gözlənilmədiyini bildirib.
Radio “ABŞ hər şeyi İsraillə bölüşmür və onu qərar qəbuletmə proseslərindən kənarlaşdırır” deyə bildirib və əlavə edib ki, İsrail Trampın İranla nüvə proqramı ilə bağlı razılığa gələ biləcəyindən və bu razılaşmaya İranın ballistik raketləri daxil olmaya biləcəyindən narahatdır.
Çətin danışıqlar
Katzın ofisi bildirib ki, müdafiə naziri İsrael Katz regiondakı vəziyyəti və İsrail ordusunun “bütün mümkün ssenarilər üçün əməliyyat hazırlığını” nəzərdən keçirmək üçün Vaşinqtonda Zamirlə görüşüb.
Danışıqlarda iştirak edən adı açıqlanmayan İsrail rəsmisi bildirib ki, Tramp İranla sərt danışıqlar aparmaq istəyir və bu, “İranın nüvə proqramının ləğvinə” gətirib çıxaracaq.
İsrail rəsmiləri ABŞ-nin İrana hücum etməsini üstün tutduqlarını bildiriblər və iddia ediblər ki, bu cür hərəkətlərdən çəkinməyin nəticələri, o cümlədən İranın nüvə silahı əldə etmək istiqamətində irəliləməsi olacaq.
İsrail rəsmiləri həmçinin İranın nüvə raket proqramı ilə bağlı narahatlıqlarını ABŞ həmkarlarına çatdırıblar.
İsrail rəsmiləri görüşlə bağlı heç bir rəsmi açıqlama yaymayıb.
Digər tərəfdən, İsrailin maliyyə qəzeti olan “The Calcalist” İranla potensial müharibənin dəyərinin 10 milyard dollara çata biləcəyini təxmin edir.
Qəzetin məlumatına görə, İsrail təhlükəsizlik qurumundakı bəzi yüksək vəzifəli şəxslər İranla yenidən baş verən münaqişənin toqquşmaların müddətindən və xarakterindən asılı olaraq on milyardlarla şekelə başa gələ biləcəyindən narahatdırlar.


























