image-screenshot_20211019-013703_whatsappbackend

Ölkənin mövqeyi məhz bu prinsiplər əsasında formalaşdırılır.

image-reklam_sirab_01

Milli dövlətçilik Azərbaycan xalqı üçün yeni anlayış deyil. Min illərlə Azərbaycan xalqının çox qüdrətli dövlətləri olubdur və onların mənəvi-əxlaqi davamı müasir dövlətçiliyimizdə öz əksini tapmaqdadır. XIX əsrin əvvəllində Azərbaycan tarixi səbəblər ucbatından öz milli dövlətçiliyindən məhrum oldu. Xalqımızda olan potensial özünü XX əsrdə üç dəfə milli dövlətin yaranması faktında göstərdi. Müstəqillik xalqımızın əldə etdiyi ən böyük və ən qiymətli tarixi nailiyyətdir. Bu gün inkişaf etmiş dövlətlərin yüksəlişini təmin edən amillərdən biri də demokratik cəmiyyətin qurulmasıdır. Demokratiya, hüquqi dövlət, insan hüquqları prinsipləri respublikamız üçün əsas istiqamətlərdir və ölkəmiz onların inkişafına çalışır. Lakin bu gün demokratiya bizim üçün məqsəd deyil, milli dövlətçiliyimizin möhkəmləndirilməsi vasitəsidir. Məqsədimiz isə cənab prezidentimizin dediyi kimi, müstəqilliyimizin əbədi və dönməz xarakter almasıdır, Azərbaycanın dünya birliyində öz layiqli yerini tutmasıdır. Bunun üçünsə daxili və xarici siyasətin formalaşması vacib şərtdir. Müasir dövlətçilik hüququ, demokratik dövlət quruculuğunu, insan hüquq və azadlıqlarının təmin edilməsini, azad sahibkarlığı, milli maraqlara cavab verən çevik xarici siyasətin yeridilməsini diqtə edir. Daxili iqtisadi-siyasi sabitlik və inkişaf, dövlət quruculuğunun möhkəmləndirilməsi, sosial ədalət prinsipinin yüksək səviyyədə qorunması xarici siyasətin də güclü olmasına gətirib çıxarır. Xarici siyasətdə isə istiqamətlərin, prioritetlərin və müttəfiqlərin düzgün müəyyənləşdirilməsi, bu mürəkkəb dünyada düzgün qərar qəbul edilməsi Azərbaycan dövlətçiliyinə kömək edən vacib şərtlərdəndir.
Azərbaycan dövlətinin xarici siyasətinin başlıca prinsiplərindən biri kimi, həmçinin, bu siyasətin həyata keçirilməsi zamanı şəffaflığın təmin edilməsini, beynəlxalq münasibətlər sistemindəki real vəziyyəti təhlil edərək əvvəlcədən müəyyənləşdirilmiş addımların atılmasını göstərmək olar. İstər regionda, istərsə də kənarda yerləşən bütün dövlətlərlə dostluq və qarşılıqlı səmərəli ikitərəfli və çoxtərəfli əlaqələrin qurulması və inkişaf etdirilməsi, regionda və ümumilikdə beynəlxalq arenada dinc-yanaşı mövcud olmanı daim təbliğetmə də həmçinin Azərbaycan dövlətinin xarici siyasətinin vacib prinsiplərindəndir.
Azərbaycanın xarici siyasət strategiyası işlənib hazırlanarkən müxtəlif güc mərkəzlərinin regional və beynəlxalq maraqlar sistemi geniş təhlil edilərək dərindən öyrənilmiş, bu maraqların Azərbaycanın milli maraqları ilə uzlaşdırılması istiqamətində ciddi addımlar atılmışdır. Ölkənin xarici siyasətinin konturları müəyyənləşdirilən zaman bu prinsipə əməl olunması Azərbaycanın beynəlxalq imicinə əhəmiyyətli dərəcədə müsbət təsir göstərmişdir. Hər şeydən əvvəl, beynəlxalq ictimaiyyətin, xüsusilə də regionda təsir imkanları geniş olan güc mərkəzlərinin Azərbaycan Respublikasına münasibəti kökündən dəyişmişdir. Belə ki, vaxtilə ölkəmizə münasibətdə beynəlxalq ictimaiyyətin aparıcı qüvvələri gözləmə mövqeyi nümayiş etdirirdilərsə, sonradan region hadisələrinə fəal müdaxilə və Azərbaycanın ədalətli tələblərini müdafiə mövqeyinə keçirmək üçün ardıcıl diplomatik gedişlər edilmişdir. Bir sözlə, Azərbaycanın yeni xarici siyasət kursu respublikamızın strateji mənafeyinə uyğun olaraq, dünyanın aparıcı dövlətlərini Azərbaycanın müstəqil və qüdrətli dövlət olacağı zamanı gözləmədən, onun müstəqil və inkişaf etmiş ölkələr sırasında layiqli yer tutmasına hər cür şərait yaratmasına xidmət edən faydalı əməkdaşlıq yoluna sövq etdi.
Hazırda müstəqil ölkə kimi müstəqil siyasət aparan ölkəmiz xarici siyasi əlaqələrini, siyasi, iqtisadi, hərbi, humanitar və digər sahələrdə müttəfiqlərini, əməkdaşlıq etdiyi ölkə və beynəlxalq təşkilatları özü seçir. Azərbaycan öz təbii sərvətlərinin sahibi kimi enerji sahəsində əməkdaşlıq əlaqələrini dövlət maraqları və qarşılıqlı faydalılıq prinsipləri əsasında reallaşdırır. Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan öz müstəqil siyasətinə sadiqdir: “Bu siyasət Azərbaycan xalqının milli maraqlarını hər şeydən üstün tutur. Azərbaycan heç bir xarici qüvvənin diktəsi ilə oturub-durmur, müstəqil siyasət aparır və sürətlə inkişaf edir, eyni zamanda, sübut edir ki, bu gün müsəlman aləmində dinamik, müasir, öz milli-mənəvi dəyərlərinə sadiq, güclü bir dövlət vardır. Bu da bəzi xarici dairələrin stereotiplərinə, yaxud da ki yaratdıqları stereotiplərə sığmır”.
Beləliklə, əldə edilən nailiyyətlərin əsasında düşünülmüş siyasət dayanır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Düşünülmüş siyasət olan yerdə inkişaf da var. Azərbaycanda düşünülmüş siyasət aparılır. Məhz buna görə biz bütün bölgədə, dünyada yaşanan böhranlı şəraitdən, sınaqdan şərəfli çıxırıq. Həmişə demişəm, Azərbaycan sabitlik, təhlükəsizlik məkanıdır. Azərbaycan vətəndaşı təhlükəsizlik şəraitində yaşayır və yaşamalıdır, sabitlik şəraitində yaşayır və yaşamalıdır. Ancaq ölkə bu təqdirdə inkişaf edə bilər. Harada ki, təhlükəsizlik, sabitlik pozulur, orada ölkə dağılır, iqtisadiyyat çökür, sosial problemlər yaşanır və başqa xoşagəlməz hallar üzə çıxır”.

Vətən müharibəsi qazisi,Nəsimi rayon sakini
İbrahimov Mehman Kamil oğlu


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki