image-photo-2021-11-29-16-54-10backend

Pandemiya fəsadları ilə mübarizə

image-reklam_sirab_01

Qlobal pandemiyanın dünyaya yayılmağa başladığı ilk günlərdən Prezident İlham Əliyevin rəhbərliyi ilə qabaqlayıcı kompleks tədbirlər görüldü, ölkənin bütün resursları vətəndaşlarıın sağlamlığının qorunmasına səfərbər edildi. Virus ölkə sərhədlərinə yaxınlaşmazdan əvvəl Azərbaycan koronavirusla mübarizəyə qətiyyətlə qoşuldu, ona qarşı ciddi addımlar atdı. Ümumdünya Səhiyyə Təşkilatının  tövsiyələrini nəzərə alaraq, hökumət infeksiyanın ciddiliyini anladı və dünyada öz sərhədlərini qapadan, bütün təhsil müəssisələrini bağlayan, kütləvi tədbirləri, idman yarışlarını təxirə salan ilk ölkələrdən biri oldu. Xəstəliyin geniş vüsət almasına imkan verməmək, infeksiyaya yoluxma sürətini azaltmaq, vətəndaşının sağlamlığını qorumaq üçün bütün lazımi tədbirləri həyata keçirdi. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə əhalinin sağlamlığının qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir çox məhdudiyyətləri nəzərdə tutan karantin rejimi tətbiq olundu, pandemiya şəraitində xüsusi davranış qaydalarını müəyyən edən tələblər, qaydalar qoyuldu. Dövlət başçısının bu məsələyə vaxtında çevik reaksiya verərək təxirəsalınmaz tədbirlər görməsi ilə ölkəmizdə gizli və gözəgörünməz düşmənlə mübarizədə uğurlara imza atıldı. Prezident İlham Əliyevin vətəndaşların sağlamlığını qorumağa yönəlmiş məqsədyönlü strategiyası hətta beynəlxalq qurumlar tərəfindən də təqdir edildi. ÜST bu sahədə respublikamızda atılan addımlara, görülmüş işlərə yüksək qiymət verdi, ölkəmizin təcrübəsini digər ölkələrə nümunə göstərdi. Azərbaycan dünyada COVID19 pandemiyası ilə ən uğurlu mübarizə aparan ölkələrdən biri kimi tanındı. Hazırda respublikamız pandemiyadan ən az zərər çəkən dövlətlər sırasındadır. COVID-19 ilə mübarizədə ölkənin səhiyyə sisteminin maddi texniki bazası xüsusi rol oynayır. Dövlət başçısının tapşırığına uyğun olaraq, ilk növbədə, ölkə səhiyyəsi koronavirusla səmərəli mübarizə üçün tələb olunan standartlara uyğunlaşdırıldı. Hökumətin intensiv və düzgün fəaliyyəti sayəsində səhiyyə infrastrukturu pandemiya ilə mübarizəyə istiqamətləndirildi, aidiyyəti dövlət qurumlarının fəaliyyəti bacarıqla əlaqələndirildi. Ölkədə koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi üçün əlavə müasir tibbi laboratoriyalar alındı,yeni tibb müəssisələri açıldı, modul tipli xəstəxanalar quraşdırıldı. 600 yerlik “Yeni Klinika”nın açılması, 11 modul tipli xəstəxananın inşa edilməsi, bu xəstəxanalarda 4100 çarpayı sayının olması COVID-19 ilə aparılan mübarizədə çox önəmli rol oynadı.

COVID-19-la bağlı dünya statistikasına baxdıqda görürük ki, ölkəmizdə əldə edilmiş nəticələr, doğrudan da, çox təsirli və dəyərlidir. Məhz   bu tədbirlər nəticəsində minlərlə insanın həyatı qorundu. Xəstəliyin geniş vüsət almasına, vəziyyətin nəzarətdən çıxmasına imkan verilmədi. Təbii ki, hazırkı müsbət dinamika davam edərsə və xəstələrin sayında artım olmazsa, yumşalma tədbirləri davam etdiriləcək.

 Azərbaycan Dövlət Pedaqoji Universiteti -Aytən Abdullayeva

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki