Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərlə söhbətində dövlət idarəetmə sistemində tətbiq edilən bonus və maaş artımları ilə bağlı açıqlama verib. Vətəninfo.az xəbər verir ki, o, bildirib ki, ölkədə performansa əsaslanan yeni əməkhaqqı sistemi tətbiq olunub və bu sistemin bir neçə əsas məqsədi var.
Paşinyanın sözlərinə görə, əsas məqsədlərdən biri hökumətin fəaliyyətinin və dövlət proqramlarının icrasının daha səmərəli təşkil olunmasıdır. O vurğulayıb ki, bu addım 2018-ci ildən bəri həyata keçirilən “sıfır korrupsiya və korrupsiyaya qarşı sıfır tolerantlıq” siyasətinin praktik davamıdır.
“Biz qərəzsiz və təsirlərdən uzaq məmur modelini qəbul etmişik. Bu qərar da həmin yanaşmanın reallaşdırılması və hökumət işinin effektivliyinin artırılması üçün zəruri hesab olunur”, – deyə Paşinyan qeyd edib.
Baş nazir əlavə edib ki, dövlət sistemində rəqabət mühiti daim gücləndirilməlidir, çünki ixtisaslı kadrların özəl sektora axını müşahidə olunur. Onun fikrincə, görülən tədbirlər nəticə etibarilə dövlət idarəçiliyinin daha səmərəli fəaliyyət göstərməsinə imkan verəcək.
Öz maaşına gəlincə, Paşinyan bildirib ki, indiyədək bu sistemdən istifadə etməyib:
“Əvvəllər bu, Baş nazirin qərarı ilə edilirdi. İndi isə pilot mərhələdən sonra qanunvericilik tərəfindən təsdiqlənməli olan institusional sistem tətbiq olunur. Mən özümü mükafatlandırmamışam. Dövlət qərarı çərçivəsində aylıq 1,5 milyon dram maaş artımı almışam”.
Qeyd edək ki, bu məbləğ hazırkı məzənnəyə əsasən təxminən 9,7 min Azərbaycan manatı təşkil edir.


























