“2024-cü ilə qədər əksər sərhəd keçidləri Rusiyanın nəzarəti altında idi və ya, məsələn, beynəlxalq hava limanımızda Rusiya sərhədçilərinin iştirakı var idi, lakin hazırda Ermənistan Respublikasının bütün sərhəd keçidləri Ermənistan sərhədçiləri tərəfindən idarə olunur.”
Vətəninfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Polşadakı xarici səfirlər, diplomatlar və beyin mərkəzlərinin nümayəndələri ilə görüşdə Rusiyanın Ermənistandakı hərbi mövcudluğu ilə bağlı sualı cavablandırarkən bildirib.
“Təbii ki, biz Rusiyanın oradakı mövcudluğuna minnətdarıq. 1990-cı illərin əvvəllərində yeni müstəqil dövlət olaraq, bu tip xidməti göstərmək imkanımız yox idi, amma indi imkanlarımızı inkişaf etdirə bilərik və inkişaf etdiririk.”
“Rusiya hərbi bazasına gəldikdə isə, bizim heç bir planımız, proqramımız və Rusiya hərbi bazasının mövcudluğu ilə bağlı heç bir narahatlığımız yoxdur”, – deyə Baş nazir bildirib və qeyd edib ki, Ermənistan Rusiya ilə yaxın tərəfdaşdır.


























