DOST Agentliyi pensiyaların artımla nə vaxt veriləcəyini açıqlayıb.
Veteninfo.az xəbər verir ki, DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini Seymur Alıyev bildirib ki, yanvar ayında Dövlət Statistika Komitəsi orta aylıq əmək haqqının məbləğini təqdim edir və istehlak qiymətlərinin indeksləşdirilməsi müəyyən olunur: “Yanvarla-fevralın artımı fevralda ödənilir. Tam məbləğ artıq mart ayından ödənilməyə başlayır. Yəni, fevral ayında artımla alınacaq məbləğ yanvar və fevral ayını əhatə etdiyinə görə yekun məbləğ olmur. Hətta mart ayında da bizə müraciətlər olur ki, pensiyamız niyə azaldı? Hazırda pensiya artımla ödənilmir. Artımla yalnız minimum pensiyalar verilir, yəni 200 manat pensiya artırılaraq 240 manata çatdırılıb və həmin şəxslərə artımla ödəniş edilib. Amma digər pensiya alan şəxslər indeksləşdirmə nəticəsində olan artımlarını fevral ayında almağa başlayacaq”.
S. Alıyev qeyd edib ki, artırılan müavinətlər isə bu aydan veriləcək: “Məsələn, yaşa görə müavinət 130 manatdan 180 manata çatdırılıb. Bu şəxslər sosial müavinətlərini artımla birgə yanvarın 20-25-i aralığında alacaqlar”.