Vətəninfo.az xəbər verir ki,Rusiya Prezidenti Vladimir Putin qarşılıqlı siyasi iradə olduğu təqdirdə Fransa Prezidenti Emmanuel Makronla görüşməyə hazırdır.
RİA-nın məlumatına görə, Peskov dekabrın 21-də deyib:“Əgər qarşılıqlı siyasi iradə varsa, bunu yalnız müsbət qiymətləndirmək olar.”
Fransa Prezidenti Emmanuel Makron bu həftə verditi açıqlamada Avropanın Ukraynadakı müharibəyə son qoymaq üçün Rusiya Prezidenti Vladimir Putinlə dialoqu yenidən bərpa etməli olduğuna inandığını deyib.
Makron deyib: “Düşünürəm ki, avropalılar və ukraynalılar olaraq qarşıdakı həftələrdə bu müzakirəni yenidən başlatmaq üçün düzgün çərçivə tapmaq bizim xeyrimizə olacaq”.
Fransa prezidenti Brüsseldə jurnalistlərə açıqlamasında deyib: “Ya lazımi təhlükəsizlik zəmanətləri ilə möhkəm və davamlı sülh əldə olunmalıdır, ya da qarşıdakı həftələrdə avropalıların Rusiya ilə tam və şəffaf dialoqa qayıtmasının yollarını tapmalıyıq’’.
Macarıstan və Slovakiya istisna olmaqla, Avropa İttifaqının əksər üzv ölkələri Ukraynadakı müharibə başlayandan sonra Putinlə birbaşa əlaqələri dayandırıblar.
İyul ayında Makron üç ildən sonra Putinlə ilk dəfə təxminən iki saat davam edən telefon danışığı aparıb. Söhbət zamanı Fransa prezidenti Ukraynada atəşkəs elan edilməsinə çağırış etsə də, bu söhbətin müharibənin gedişatına ciddi təsiri olmayıb.
Makron vurğulayıb ki, Rusiya ilə danışıqları yenidən başlatmaq üçün uyğun çərçivənin tapılması Avropa İttifaqının maraqlarına uyğundur. Əks halda, liderlər yalnız öz aralarında və rus tərəfi ilə əlaqə saxlayan məhdud sayda vasitəçilərlə kifayətlənməli olacaqlar.
Xatırladaq ki, dekabrın 19-da Avropa İttifaqına üzv ölkələrin liderləri münaqişənin dördüncü ilinə yaxınlaşması fonunda yaranacaq büdcə kəsirlərini qarşılamaq məqsədilə Ukraynaya 105 milyard dollar məbləğində kredit ayrılması barədə razılığa gəliblər. Ancaq maliyyələşmənin dondurulmuş Rusiya aktivləri hesabına həyata keçirilməsi məsələsində razılıq əldə olunmayıb.


























