“Ermənistanın Baş naziri Nikol Paşinyan dünən Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə keçirilən üçtərəfli görüşün yekunları ilə bağlı sosial şəbəkədə paylaşım edib. O yazıb ki, görüş zamanı Azərbaycan Prezidenti ilə dəmiryolunun fəaliyyətinin bərpası ilə bağlı razılığı təsdiqləyiblər. Dəmir yolu qarşılıqlı prinsip əsasında beynəlxalq səviyyədə tanınmış sərhəd və gömrük qaydalarına uyğun olaraq ölkələrin suverenliyi və yurisdiksiyası altında fəaliyyət göstərəcək. Ermənistan İran və Rusiya Federasiyasına dəmir yolu ilə çıxış əldə edəcək”.
Bunu “Report” a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
Onun fikrincə, Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın mövqeyinə uyğun addımlar atılmalıdır: “Nikol Paşinyan bir daha Zəngəzur dəhlizinin yerinə kommunikasiya xəttinin açılacağını vurğulamış oldu. Paşinyan Brüsseldə vəd edib ki, Ermənistan tərəfi öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi yerinə yetirəcək. O bildirib ki, Ermənistan tərəfi dəmir yolunun çəkilişinə tezliklə start verəcək. Fikrimcə, bu, baş tutacaq. Prezident İlham Əliyev NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib ki, Laçın dəhlizində heç bir post yoxdur. Dövlət başçısı vurğulayıb ki, təbii ki, Zəngəzur dəhlizində də heç bir gömrük postları olmamalıdır. Beləliklə, Qərbi Zəngəzurda maneəsiz keçid mümkün olmayacaq. Ancaq bu narahatlıq üçün əsas olmamalıdır. Ermənistan Qərbi Zəngəzurda bizə maneəsiz keçid yaratmayacaqsa, biz də Laçında ermənilərin maneəsiz keçidinin qarşısını almalı, sərhədi mütləq şəkildə nəzarətə götürməliyik. Kreml İrəvanla eyni mövqedən çıxış edərək “Ermənistanın Qərbi Zəngəzurdan keçəcək nəqliyyat vasitələrinə nəzarət etmək hüququ var” prinsipini dəstəkləyib. Bu, sərhəddə yoxlama deməkdir. Biz Ermənistanla sərhədin Laçın hissəsində yoxlama həyata keçirə bilərik. Buna Zəngəzur dəhlizində yoxlamaların aparılması əsas verir”.
Politoloq, həmçinin Avropa İttifaqı Şurasının Azərbaycan-Ermənistan sərhədinin müəyyənləşdirilməsi ilə bağlı təklifinə də münasibət bildirib: “Yaxşı təklifdir, sadəcə gərək sərhədləri müəyyənləşdirən komissiya yaransın ki, bundan sonra maraqlı tərəflərin iştirakı təmin olunsun. Sərhəd məsələsində Ermənistandan səs çıxmır. Şarl Mişelin üçtərəfli görüşün yekunuyla bağlı yaydığı bəyanatda belə bir cümlə var: “Hər iki liderə Avropa İttifaqının hərtərəfli sülh sazişi ilə dəstəklənən regionda davamlı sülhün təmin edilməsi məqsədilə münaqişənin aradan qaldırılmasında, əməkdaşlıq və etimad mühitinin yaradılmasında Ermənistan və Azərbaycanla yaxından işləmək öhdəliyinə sadiq olduğuna əmin edib”. Bu abzasda “Azərbaycanla Ermənistanın qarşılıqlı olaraq bir-birlərinin ərazi bütövlüyünü tanıdığını ehtiva edən sülh sazişinə ehtiyac var” cümləsinə ehtiyac var idi. Ancaq hər halda Avropa İttifaqı xoş niyyətini ortaya qoyub və Azərbaycanla Ermənistana sülh əldə etməkdə yardım əlini uzadır. Beləliklə, görüşlər və müzakirələr davam edir. Ancaq müharibədən keçən bir ildə nə tərəflər arasında sülh sazişi imzalanıb, nə kommunikasiya məsələsində irəliləyiş var, nə də sərhədin müəyyənləşməsi məqsədilə ortaq komissiya yaradılıb”.