image-media-1658823221_cavansir-feyziyev-60o39f7jwpvq2y18srzi-620x326backend

Postmünaqişə dövrünün erməni ssenarisi

image-reklam_sirab_01

Ötən iki il ərzində Ermənistan müxalifəti işğal olunmuş əraziləri Azərbaycana təhvil verdiyinə görə Nikol Paşinyanı kifayət qədər tənqid və təhqir edib, hətta hakimiyyətdən uzaqlaşdırmağa çalışıb, lakin buna nail ola bilməyib. Bir neçə həftə öncə Laçın şəhərinin Azərbaycana təhvil verilməsi Ermənistanda müxalifət qüvvələrinin növbəti antipaşinyan kampaniyasına başlaması üçün uydurma əsas yaratdı. Əslində bu səbəblə Paşinyan hökumətinə qarşı demarş əsaslı sayıla bilməzdi. Çünki 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda Laçın rayonunun Azərbaycana hələ 2020-ci il dekabrın 1-də təhvil verilməli olduğu öz əksini tapmışdı. Xankəndini Ermənistana bağlayan Laçın dəhlizinin alternativ yol çəkilənə qədər ermənilər tərəfindən yalnız müvəqqəti olaraq istifadə olunması da elə həmin vaxt tərəflər arasında razılaşdırılmışdı. Buna baxmayaraq erməni müxalifətçiləri eyni məsələni bu gün baş veribmiş kimi yenidən gündəmə gətirməklə növbəti dəfə Paşinyanı devirməyə çalışdılar. Lakin bu dəfə də Paşinyan Ermənistan əhalisinə sülhə alternativ olmadığını başa sala bildi və geniş kütlələr tərəfindən ciddi təzyiqlə üzləşmədi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev söyləyib.

Onun sözlərinə görə, daha sonra iki ölkə rəhbəri arasında Brüsseldə keçirilmiş növbəti görüşdə proseslərin məntiqi ardıcıllığını təmin etmək üçün sülh müqaviləsi üzərində işə başlamaq haqqında razılaşma əldə olundu. Ölkəsinə qayıtdıqdan sonra Paşinyanın sülh müqaviləsi imzalamağa hazır olduğunu elan etməsi yenidən müxalifəti ayağa qaldırdı. İrəvanda baş tutan etiraz nümayişləri fonunda 13 sentyabr gecəsi sərhəd bölgələrində irimiqyaslı təxribat törədildi və hər iki tərəf çoxsaylı insan itkilərinə məruz qaldı.

“Hadisələrin xronologiyasına baxanda görünür ki, bir qayda olaraq hər dəfə baş nazir Nikol Paşinyan və Prezident İlham Əliyev arasında hər hansı razılaşma əldə olunanda Ermənistan müxalifəti hərəkətə keçir və sərhəd bölgələrində silahlı toqquşmaya qədər artan gərginlik yaşanır. Bu gərginlik kimə lazımdır və nəyə xidmət edir?

Ermənistanda keçirilən rəy sorğuları göstərir ki, cəmiyyətin böyük əksəriyyəti 30 il davam edən münaqişədən və müharibə xofundan həm fiziki, həm də mənəvi cəhətdən yorulub və Paşinyanın tez-tez çıxışlarında təkrarladığı “sülh gündəliyini” dəstəkləyir. Baş verən hadisələr isə onu göstərir ki, iki ölkə arasında münasibətlərin normallaşması, xüsusilə də danışıqların indiki mərhələsində hazırlanmalı olan sülh müqaviləsi Ermənistan müxalifətinin və onu xaricdən dəstəkləyən qüvvələrin, eləcə də dünya erməni diasporunun maraqlarına tamamilə ziddir”, – deyə Cavanşir Feyziyev bildirib.

O qeyd edib ki, müharibədən keçən iki il ərzində Paşinyan davamlı olaraq sülhdən danışsa da erməni müxalifəti və diasporu postmünaqişə dövrünün özlərinə məxsus ssenarisini hazırlayıblar. 1998-2008-ci illərdə Ermənistanın xarici işlər naziri olmuş Vardan Oskanyanın son hadisələrlə bağlı bu günlərdə yazdığı bir məqaləsi bu ssenarinin nədən ibarət olduğuna işıq salır. Paşinyanın qəti əleyhdarlarından biri olan V.Oskanyan belə hesab edir ki, müharibəni uduzmuş bir hökumət başçısı postmünaqişə dövründə sülh danışıqları apara bilməz. Çünki 9-10 noyabr tarixlərində ən ağır şərtlər əsasında təslimçilik aktı imzalamağa məcbur olmuş Paşinyan yazılı və şifahi olaraq üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirməyə borcludur. Oskanyan, eyni zamanda, vurğulayır ki, bu öhdəliklər erməni xalqının maraqlarına cavab vermədiyi üçün postmüharibə danışıqlarını tamamilə yeni şəxslər aparmalı və sülh müqaviləsi imzalanmamışdan əvvəl danışıqlar masasına Ermənistana sərf edən yeni müddəalar gətirməlidir. Beləliklə, erməni müxalifəti və diasporu sülh üçün yeni şərtlərin irəli sürülməsini tələb edirlər. Onun fikrincə, sülh müqaviləsi ilə Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınması, Zəngəzur dəhlizinin açılması və sərhədlərin Azərbaycanın xeyrinə demarkasiya olunması qəbuledilməzdir. Bu kimi öhdəliklərdən xilas olmaq üçün isə Paşinyanın hakimiyyətdən getməsi və postmüharibə dövründə danışıqların aparılmasına yeni şəxslərin cəlb olunması lazımdır.

Ermənistanın keçmiş rəhbərliyinin 30 ilə yaxın münaqişənin həlli üzrə sülh danışıqları aparmaq adı ilə sadəcə bu danışıqları imitasiya etdiyini vurğulayan Milli Məclisin deputatı deyib: “Ermənistan rəhbərliyi münaqişənin sülh yolu ilə həlli variantından həmişə yayınıb. İndi isə bölgədə reallıqlar dəyişib, Ermənistan ordusu minlərlə canlı qüvvəsini son müharibədə itirib, işğal etdikləri ərazilər əllərindən çıxıb. Bütün bunlar ona görə baş verib ki, vaxtında ermənilər münaqişəni sülh yolu ilə tənzimləmək imkanını düzgün dəyərləndirib adekvat addımlar atmadılar. Görünən odur ki, bu gün də Ermənistan müxalifəti və diasporu yenə erməniləri eyni uçuruma doğru itələyir. Əvvəllər olduğu kimi, müharibədən sonrakı yeni reallıqlar şəraitində də bölgədə yaranmış sülh fürsətini erməni xalqının əlindən almağa cəhd göstərirlər. Xalq deyiminə görə hətta ulaq da bir dəfə batıb qaldığı bataqlığa ikinci dəfə girməz. Bəs ermənilər necə, ikinci dəfə eyni bataqlığa girəcəklərmi?”.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki