Mayın 1-də Bakı Konqres Mərkəzində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib. Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Dünya Turizm Təşkilatı və ISESCO-nun tərəfdaşlığı ilə keçirilən Forumda 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qonaq iştirak edib. AzərbaycanPrezidenti İlham Əliyev Forumda iştirak edərək geniş çıxış edib.
Qeyd ediməlidir ki, Bakıda keçirilən Beynəlxalq Forumun çox ciddi tarixi əhəmiyyəti vardır. Birinci növbədə ölkənin təbliği ilə bağlı çox vacib tədbirdir. İkincisi isə Bakını tolerantlıq mərkəzi kimi təqdim etmək fürsətidir. Üçüncü də bu ölkəyə gələn insanların Azərbaycanla bağlı yetkin təsəvvürlərinin formalaşmasını təmin edən bir prosesdir. Bunlar hamısı bütövlükdə Azərbaycanın inkişafına, onun müəyyən inkişafını göstərməyə fürsət yaradan hadisələrdir. Biz çalışmalıyıq ki, Azərbaycanla bağlı bu cür tədbirləri daha da genişləndirək.
Burada müzakirə olunan məsələlər həm də post-müharibə dövründən sonra Azərbaycanın daha çox humanitar istiqamətdə çalışmalarını önə çəkən bir fəaliyyətdir. Biz də bu prosesi ölkəmizin təbliği üçün ciddi fürsət olaraq dəyərləndirməliyik. Xüsusilə də, COP29 ərəfəsində belə bir forum həm də Azərbaycana diqqətin artmasına gətirib çıxaracaq. Biz bu prosesləri hər halda doğru təbliğat sistemi ilə qursaq, öz faydamıza və özümüzün təbliğimizə çox böyük şəkildə istifadə edə bilərik.
Prezident İlham Əliyev bu ilin noyabr ayında Bakıda keçiriləcək COP29-la bağlı məlumat verdi. “Azərbaycan yekdil qərarla COP29-a ev sahibliyi edəcək ölkə kimi seçildi. Biz indi öz rolumuzu körpülərin salınmasında görürük”. Tariximiz, coğrafiyamız, qarşılıqlı əlaqələrimiz, Avropa təsisatları ilə münasibətlər, eyni zamanda, coğrafi baxımdan Qərb ilə Şərq arasında yerləşməyimiz sayəsində çox işlər görə biləcəyimizi xatırladan dövlətimizin başçısı deyib: “Maliyyə COP29-un əsas mövzusu olacaq. Amma bizə həmrəylik və qarşılıqlı etimad lazımdır”.
Forumda həm də müxtəlif ölkələrdən gələn düşüncə adamlarının fikirləri yer alacaq. Onlar geri dönəndən sonra yazdıqları yazılar, müəyyən məsələlərlə bağlı açıqlamalar da bütövlükdə Azərbaycanın gələcəyinə yönəlmiş müxtəlif layihələrin yaxşı mənada gerçəkləşməsinə səbəb olacaqdır. Bu da öz növbəsində, imic məsələsidir. Azərbaycan dialoq keçirə bilən ölkə imicini daşıdığını bu kimi məsələlərlə daha aydın şəkildə göstərməkdədir.
Xatırladaq ki, Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi”nin tərkib hissəsi sayılan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilk dəfə Bakıda 2011-ci ildə, sonra isə 2013-cü, 2015-ci, 2017-ci və 2019-cu illərdə təşkil olunub. Ötən müddət ərzində Forumun coğrafiyası çox genişlənib, tədbirə qoşulan ölkələrin və qurumların sayı xeyli artıb. Forumlara ümumilikdə 10 mindən çox iştirakçı – hökumət rəsmiləri, beynəlxalq təşkilat və institutlardan rəhbər və nümayəndələr qatılıblar. Eyni zamanda, forumlar çərçivəsində 200-dən artıq müxtəlif formatlı və miqyaslı tədbirlər, plenar və panel müzakirələr, təqdimatlar təşkil olunub. Bəşəriyyəti narahat edən qlobal çağırışların diqqət mərkəzinə çevrildiyi ötən beş Forum çərçivəsində aparılan müzakirələr, tərtib edilən sənədlər beynəlxalq təşkilatlar üçün əsas istinad rolunu oynayıb və “Bakı Prosesi” mədəniyyətlərarası dialoqa dair vacib platforma kimi qəbul edilib.
Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası