image-nizami-niftiyevbackend

Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan yeni sosial islahatlar

image-reklam_sirab_01

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı hər kəs tərəfindən müsbət qarşılanıb və bizi çox sevindirib. Prezident İlham Əliyev ölkə rəhbərliyinə başladığı ilk gündən bu günə qədər dövlətin əsas siyasətinin sosial siyasət təşkil etdiyini vurğulayıb, hər zaman sözünü tutub. Dəfələrlə aztəminatlı ailələrin və sosial qayğıya ehtiyacı olan əhali qrupunun sosial rifahının yaxşılaşdırılması üçün dövlət tərəfindən sosial paketlər həyata keçirilib, həmin kateqoriyadan olan vətəndaşlara dövlət dəstəyi və qayğısı heç zaman azalmayıb. Prezident İlham Əliyevin imzaladığı yeni Sərəncam və Fərmanlar əhalinin həssas qruplarına yönələn sosial ödənişlərin artırılması istiqamətindəki islahatların uğurla davam etdirilməsini təmin edir.
2020-ci ildə yeni növ koronavirus (COVID-19) pandemiyası zamanı bütün dünya iqtisadiyyatında olduğu kimi, Azərbaycan iqtisadiyyatında da müəyyən qədər ziyan müşahidə edildi və nəticədə, vətəndaşların sosial həyatında çətinliklər yarandı. İş yerləri bağlandığı üçün xüsusən həssas qruplardan olan vətəndaşların üzləşdiyi çətinliklər artdı. Buna baxmayaraq, Azərbaycan dövləti məhz pandemiyanın vətəndaşlara, iş adamlarına vurduğu ziyanı aradan qaldırmaq üçün xüsusi sosial paket və tədbirlər həyata keçirdi. Vətəndaşlara, aztəminatlı ailələrə birdəfəlik maddi yardımlar göstərildi, bank kreditlərində müvafiq güzəştlər tətbiq edildi, eyni zamanda sosial dəstəyə ehtiyacı olan ailələrin övladlarının təhsil haqlarının ödənilməsi dövlət tərəfindən həyata keçirildi. Məhz pandemiya ilə əlaqədar yaranmış çətinliklərdən biri də ərzaqların, daha çox ehtiyac duyulan məhsulların qiymətlərində müəyyən artımlar idi. 2022-ci ildə bu kateqoriyadan olan vətəndaşların sosial ödənişlərində ediləcək dəyişiklik onların alacağı müavinət və təqaüdlərin artması deməkdir. Nəticə etibarilə, həssas əhali qrupuna aid olan vətəndaşların sosial rifahı daha da yaxşılaşacaqdır. Aydındır ki, vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması və həssas qrupların sosial müdafiəsi Prezident İlham Əliyevin siyasətinin başlıca istiqamətlərindəndir”.
Yeni Fərman və Sərəncamlarla müavinət və təqaüd artımı əhalinin bütün təbəqələrini əhatə edəcəkdir. Nəzərdə tutulmuş artım növbəti kateqoriyalara aid şəxsləri əhatə edəcəkdir: Əlilliyi olan şəxslər və I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlər; Sağlamlıq imkanları məhdud uşaqlar və onlara qulluq edənlər; Yaşa görə müavinət alanlar; Ailə başçısını itirməyə görə müavinət alanlar; Müddətli hərbi xidmətdə olanların uşaqları; Uşaqların qəyyumları; Beşdən çox uşağı olan qadınlar; Bir yaşadək uşağı olan (ünvanlı sosial yardım alan) aztəminatlı ailələr; Övladlığa uşaq götürənlər; İşləməyən pensiyaçı elmlər və fəlsəfə doktorları; “Xalq” və “Əməkdar” fəxri adı olanlar; Doktorant və tələbələr. Artım həmçinin birdəfəlik müavinətləri əhatə edəcəkdir: Uşağın doğulmasına görə birdəfəlik müavinət; Dəfn üçün birdəfəlik müavinət;
Gənclər arasında təhsil almaq prosesinin stimullaşdırılmasına xidmət edən qərar. Dövlət başçısının imzaladığı yeni Fərman 132 min doktorant və tələbəni əhatə edərək müavinət və təqaüd formasında onlara yönələn sosial ödənişlərin gələn ilin əvvəlindən artırılmasını təmin edəcəkdir.
Əmək haqları Vahid Tarif Cədvəli ilə tənzimlənməyən təşkilatlarda çalışanların da maaşları artırıldı. Prezident İlham Əliyevin yeni “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əmək haqlarının artırılması haqqında” Sərəncamı da 2022-ci ilin yeni sosial paketinin tərkib hissəsidir. Sərəncam dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçiləri əhatə etməklə onların sosial rifahının yaxşılaşdırılmasına xidmət edir.
Əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin sosial siyasətinin əsas istiqamətlərindən biridir. Dövlət başçısının imzaladığı yeni Fərmanlar qeyd olunan istiqamətdə növbəti mühüm addım olmaqla, əlilliyi olan şəxslərə verilən müavinətlərin, I dərəcə əlilliyi olanlara və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edənlərə aylıq təqaüdünün gələn ilin əvvəlindən artırılmasını nəzərdə tutur. Əlilliyə görə müavinətlər 2022-ci ilin əvvəlindən: I dərəcə üzrə-150 manatdan 220 manata, II dərəcə üzrə-130 manatdan 180 manata və III dərəcə üzrə-110 manatdan 120 manata çatdırılacaqdır.
Təhsil işçilərinin sosial müdafiəsi, yeni əməkhaqqı artımı 165 min təhsil işçisini əhatə edir. Artımların edilməsi məqsədlə 273 milyon manat illik əlavə vəsait nəzərdə tutulub. Sərəncamlarla 2022-ci il yanvarın 1-dən dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin maaşları orta hesabla 20%, gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin maaşları orta hesabla 40%, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin maaşları orta hesabla 20%, fiziki tərbiyə rəhbərlərinin maaşları orta hesabla 30% artırılır.
“Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam ölkəmizdə sosial inkişafın davamlı xarakter almasını, sosial ödənişlərdə ciddi artımları təmin edən islahatların növbəti mərhələsinə keçidi təmin edir və ümumilikdə 1 milyon 800 min nəfərədək vətəndaşımızın rifahının daha da yaxşılaşmasına xidmət edəcək.

 

Bakı şəhəri Mehdi Mehdiyev adına 280 nömrəli tam orta məktəbin direktoru Nizami Niftiyev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki