image-prezidentbackend

Prezidentin Qarabağ və Şərqi Zəngəzura səfərləri bu bölgələrin sürətli dirçəlməsinə ən mühüm dəstəkdir

image-reklam_sirab_01

Prezident İlham Əliyevin Qarabağ torpaqlarına növbəti səfəri oktyabr ayının 17-də Füzuli rayonuna oldu. Bu, Müzəffər Ali Baş Komandanın işğaldan azad olunmuş rayonlarımıza ötən 11 ayda etdiyi sayca 14-cü səfər idi.

Bu səfərin oktyabr ayının 17-nə təsadüf etməsinin isə rəmzi mənası vardı. Çünki ötən ilin həmin tarixində Füzuli şəhəri işğaldan azad olunmuşdu. Dövlət başçısı müharibədən sonra işğaldan azad edilmiş rayonlara ilk səfərini də ötən il noyabrın 16-sında Füzuli rayonuna etmişdi.
Ötən il oktyabrın 17-də Azərbaycan Ordusu Füzuli şəhərini də işğaldan azad etməklə növbəti strateji uğura imza atdı. Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə Silahlı Qüvvələrimizin Füzulidə öz tarixi missiyasını yerinə yetirdiyini bildirən Prezident İlham Əliyev dedi: “Füzuli şəhərinin azad olunmasının əhəmiyyəti, eyni zamanda, bu şəhərin strateji yerləşməsi ilə bağlıdır. Füzuli nəzarətimizə keçəndən sonra artıq Şuşa istiqamətinə getmək üçün daha geniş imkanlar açıldı”.
Düşmən 30 ilə yaxın işğalda saxladığı Füzuli rayonunda da tarixdə görünməmiş vandallıq törədib. Rayon mərkəzi və işğal edilmiş bütün kəndlər yerləyeksan olunub. Artıq işğaldan azad edilən ərazilərin bərpasına başlanıb. Prezident İlham Əliyevin Füzuli rayonuna əvvəlki səfərləri zamanı Füzuli-Şuşa avtomobil yolunun “Zəfər yolu”, yeni Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun, Füzuli Beynəlxalq Hava Limanının, Horadiz-Ağbənd dəmir yolu xəttinin təməli qoyulub, “Füzuli” yarımstansiyasının açılışı olub.
Bu il oktyabrın 17-də isə Füzuli rayonunda Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Füzuli-Ağdam avtomobil yolunun, işğal zamanı dağıdılmış Dövlətyarlı kəndində yeni “ağıllı kənd”in, Rəqəmsal Yarımstansiya İdarəetmə Mərkəzinin, Füzuli Memorial Kompleksinin, Füzuli şəhərinin bərpasının və burada salınacaq çoxmənzilli yaşayış məhəlləsinin təməli qoyuldu. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli Beynəlxalq Hava Limanı, həmçinin Füzuli Mərkəzi Şəhər parkında yaradılacaq şəraitlə tanış olublar.
Bütün azad olunmuş rayonlarımız kimi, Füzuli rayonunun da bərpası dövlətimizin gücünün göstəricisidir. Prezident İlham Əliyevin dediyi kimi, bütün planlarımız maksimum qısa müddət ərzində həyatda öz əksini tapacaq, Qarabağ və Şərqi Zəngəzur nəinki Azərbaycanın, dünyanın ən gözəl yerlərindən birinə çevriləcəkdir.

Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki