Ağdamın Baş planına əsasən 2040-cı ilədək şəhərin coğrafi əhatəsi 3 dəfəyə yaxın artacaq. Bunun üçün 1 750 hektara yaxın ərazi nəzərdə tutulub.
Vətəninfo.az xəbər verir ki, bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov rəsmi mətbuata müsahibəsində bildirib.
O, qeyd edib ki, Ağdam Azərbaycanda əhalisinin sayına görə 4-cü böyük şəhərə çevriləcək: “Yəni 100 min əhali sayına malik olacaq. Şəhərin ərazisində bir çox müxtəlif sosial, mədəni, fiziki, iqtisadi infrastruktur obyektləri inşa olunacaq. Ağdamda əhalinin orta sıxlığı bir hektara təxminən 57 nəfər nəzərdə tutulub. Müqayisə üçün deyək ki, məsələn Sumqayıt şəhərində bir hektara 230 nəfər adam sayı düşür. Amma ikinci böyük şəhərimiz olan Gəncədə orta sıxlıq bir hektara 61 nəfərdir. Yəni Ağdam öz müasirliyi və urbanizasiya səviyyəsinə görə, simasına görə daha çox müasir bir şəhər təəssüratı yaradacaq. Yəni Bakının indiki müasir görünüşü necədirsə elə. Amma belə desək, sıxlığına, konsentrasiyasına görə daha çox Gəncə təəsüratını yaradacaq. Bakı ilə Gəncə arasında, Sumqayıtla Bakı və Gəncə arasında bir simbioz təşkil edəcək. Çox maraqlı bir layihədir baş plan”.
Baş planın hazırlanmasında yerli memarlarla yanaşı, xarici ölkələrin tanınmış layihələndirmə institutları birgə çalışıblar: “Ağdam şəhərində çoxlu müasir tipli binalar olacaq. Şəhər ağıllı şəhər konsentrasiyasına uyğun inşa olunacaq. Şəhərin 20 faizi yaşıllıqla əhatə olunacaq. Şəhərdə 4 meşə massivi, 23 şəhərtipli park və şəhərin içində yollar kifayət qədər geniş zolaqlı olacaq. Dünyada ən geniş şəhər küçələrindən biri Lissabon şəhərinin küçələridir, eni 60 metrdir. Ağdam şəhərində iki belə böyük küçə nəzərdə tutulur ki, onun da birinin eni 60 metr, digərinki isə 55 metr olacaq. Bu o deməkdir ki, küçələr boyu həm yaşıllıq olacaq, həm də avtobus, piyada və velosiped yolları.
Avtomobillərin park edilməsi üçün yerlər çoxluq təşkil edəcək. Yəni elə planlaşdırmağa çalışdıq ki, insanlar fərdi maşınları olsa da belə, o maşınlardan istifadəyə ehtiyac qalmasın. Şəhərin ekologiyasını qorumaq üçün istifadə olunan ictimai nəqliyyat daha çox təmiz yanacaq üzərində fəaliyyət göstərsin. Burada həm elektrik, həm təmiz dizel və ya sıxılmış qazdan istifadə edən nəqliyyat vasitələri olsun”.
Eyni zamanda şəhərdə yeni elementlərlə yanaşı, mövcud elementlər də yer alacaq: “Biz istəyirik ki, vaxtilə Fərhadın buradakı məşhur, əzəmətli heykəlini bərpa edək. Ora tamamilə darmadağın olunub. Dram teatrını bərpa etmək istəyirik. Digər əlamətdar obyektlərdən biri məşhur çay evidir ki, onu da bərpa etmək istəyirik. Sonra məşhur Ağdam bazarını bərpa etmək istəyirik”.